İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
Qarşılıqlı fəaliyyətin böyük potensialından yararlanaraq Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər.
"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlza ünvanladığı məktubda qeyd olunub.
Azərbaycan Prezidentinin məktubunda iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi yolunda birgə səylərin bundan sonra da uğurla davam etdiriləcəyi diqqətə çatdırılıb:
"Hazırda dostluğa, qarşılıqlı hörmət və etimada əsaslanan dövlətlərarası əlaqələrimiz, siyasi, iqtisadi-ticari, investisiya, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə səmərəli əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf etməkdədir. Əminəm ki, xalqlarımızın rifahı naminə ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da möhkəmləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik".