İlham Əliyev ilə Fridrix Mertsin geniş tərkibdə görüşü keçirilib
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertslə təkbətək görüşü keçirilib.
"İnformator.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, sonra görüş geniş tərkibdə davam etdirilib.
Görüşdə Azərbaycanla Almaniya arasında strateji gündəliyə dair imzalanmış sənədin əhəmiyyəti vurğulanıb. Həmçinin sənəddən irəli gələrək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupların yaradılması və bu istiqamətdə sistemli işin aparılmasının vacibliyi qeyd edilib.
Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol qeyd olunub, həmçinin Orta Dəhlizin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, iki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Federal Kansler Fridrix Merts Azərbaycanla Ermənistan arasında sülh gündəliyi istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. O, Almaniyanın regionda sülhün gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və hər zaman buna dəstək verməyə hazır olduğunu bildirib.