İlham Əliyev MDB Zirvəsi üçün Düşənbəyə gedib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbədəki "Millət" sarayına gedib. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon dövlətimizin başçısını qarşılayıb.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, MDB ölkələri arasında əməkdaşlığın gələcəkdə daha da dərinləşdirilməsi üçün siyasi iradə mövcuddur:
" MDB Dövlət Başçıları Şurası hər il keçirilir və Azərbaycan da müstəqilliyinin ilk illərindən MDB-nin üzvüdür. SSRİ-nin süqutundan sonra Müstəqil Dövlətlər Birliyi yaradılıb. Bu birliyin əsas məqsədi keçmiş Sovet ölkələri arasında əməkdaşlığın davam etdirilməsi üçün bir platforma formalaşdırmaq idi. Azərbaycan müxtəlif beynəlxalq platformalarda əməkdaşlıq edir və bu əməkdaşlıq ölkənin milli maraqları çərçivəsində həyata keçirilir. MDB ölkələri arasında bu gün sıx əlaqələr mövcuddur. Azərbaycan həm ikitərəfli münasibətlər kontekstində, həm də MDB platforması çərçivəsində keçmiş Sovet ölkələri ilə əməkdaşlıq edir. Bu ölkələrin bəziləri ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Bu mənada Azərbaycan-Qazaxıstan münasibətlərini xüsusi qeyd etmək olar. Eyni zamanda, digər MDB ölkələri ilə də əməkdaşlıq mövcuddur. Bu dəfə də Azərbaycanın MDB iclasında iştirakı onun bu təşkilatın üzvü olması ilə bağlıdır. Hər il olduğu kimi, bu dəfə də dünyada baş verən proseslər və mövcud reallıqlar nəzərə alınaraq vəziyyətin və əməkdaşlıq imkanlarının müzakirəsi aparılıb. Azərbaycan Prezidenti çıxış edərək öz mövqeyini bildirib. Müşahidə olunub ki, MDB ölkələri arasında əməkdaşlığın gələcəkdə daha da dərinləşdirilməsi üçün siyasi iradə mövcuddur. Azərbaycan MDB platformasının təqdim etdiyi imkanlardan həm ikitərəfli əməkdaşlığın inkişafı, həm də ölkəmiz üçün prioritet olan istiqamətlərdə addımların atılması üçün səmərəli şəkildə istifadə edir".
Səmayə Səftərova
