İlham Əliyev Müctəba Xameneini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının yeni Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə təbrik məktubu ünvanlayıb. Məktubda dövlət başçısı onu bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib və atasının - İranın əvvəlki Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vəfatı ilə bağlı bir daha başsağlığı verib. Prezident iki ölkə arasında münasibətlərin tarixən mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümid etdiyini bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, İranda siyasi sistem elə qurulub ki, liderin dəyişməsi çox şeyi dəyişmir:
"Çünki sistemin proqramını ali dini (əslində siyasi) lider dəyişə bilməz. Bu, qədim şüubiyyə ideologiyası əsasında dini pərdə altında 1979-cu ildə qurucu lider Xomeynin müəyyən etdiyi siyasətdir. Sonrakı liderlər sadəcə bu siyasəti icra edirlər. Ali liderin nəyisə dəyişmək hüququ və səlahiyyəti yoxdur. Yalnız beş ildən bir xarici siyasətin gələcək istiqaməti əsas qanun və ideoloji xətt üzrə təsdiq olunur. Bütün qurumlar da bu xətt üzrə hərəkət edir. ABŞ və İsrailin münasibətinin dəyişməsi isə İranın xarici siyasətinə bağlıdır. ABŞ müəyyən qədər razılığa gəlməyə meylli olsa da, İsrail barışmaz mövqe nümayiş etdirir. Görünən odur ki, tərəflər geri çəkilməyə meylli deyil və bu da gərginliyin artacağını göstərir. Hətta savaşdan əvvəl Prezident Pezeşkian da açıqladı ki, hazırki sistemin mahiyyəti ona islahatlar aparmağa və əhaliyə verdiyi vədi yerinə yetirməyə imkan vermir. Burdan görünür ki, İranın siyasi sistemi nəinki xarici əlaqələrdə, hətta daxili məsələlərdə də problemlidir. Belə qəbul olunur ki, bu sistem inqilab nəticəsində sonra da ümumxalq səsverməsi ilə qəbul olunub. Odur ki, hazırki sistemi dəyişməyə meyli siyasətçilər olsa da bunun hansı sivil yolla mümkünlüyü barədə rəylər, təkliflər yoxdur. Sistemin əsas təmsilçiləri də bu sistemi dəyişməyə, islahat aparmağa, reforma meylli deyillər. Əksinə, daha da radikal mövqe tuturlar. Yeni liderin yaxın günlərdəki fəaliyyəti və atacağı addımlar böyük bir fərq etməyəcək. Çünki onu hakimiyyətə gətirən qüvvələr, yəni Sepah və pərdə arxasında fəaliyyət göstərən digər dairələr əsas qərarlara hakimdirlər. Azərbaycan, ümumiyyətlə, bütün qonşularla sülh, sabitlik şəraitində normal münasibətlərdə maraqlıdır. İranla da hər zaman qonşu dövlət olaraq yaxşı münasibətlərə çalışılıb. Müxtəlif zamanlarda İran Azərbaycana qarşı arzuedilməz addımlar atsa da, Azərbaycan hər zaman təmkinli və müdrik davranıb, qonşuluq münasibətlərinə xələl gəlməsini istəməyib. Müxtəlif vaxtlarda yardım əlini uzadıb. İrana qarşı hazırda davam edən müharibənin baş verməməsi üçün beynəlxalq səviyyədə səylər göstərib. İranda yaşayan çoxmilyonlu soydaşımızın həyatı, təhlükəsizliyi hər zaman Azərbaycanın diqqətində olub. Azərbaycan oradakı soydaşlarımız üçün ümid yeri olub. Bu günlərdə Azərbaycanın İran xalqına humanitar yardım göstərməsi dövlətin öz sabitqədəm siyasətinə sadiq qalmasının bir daha bariz nümunəsidir. İran tərəfi Azərbaycanın bu cür humanist addımlarını qiymətləndirməlidir. Hazırda elə bir vəziyyətdir ki, bir çox ölkələr mümkün qədər İrandan uzaq durmağa çalışır. Belə bir çətin dövrdə bu yardımın həm siyasi həm də humanitar yöndən böyük rolu və əhəmiyyəti var. Normal münasibətlərin davamlı olması və qonşuluq haqlarının qoruması sarıdan da bu doğru addımdır. Ümid etmək olar ki, yeni dini lider hazırkı vəziyyətdən çıxış yolları üçün müəyyən siyasət proqramının hazırlanmasına, islahat və dəyişikliklərə imza atsın. Münasibətlər qonşuluq haqları, iqtisadi, mədəni, siyasi əlaqələr baxımından müsbətə doğru inkişaf edəcək. Çünki İranda bundan sərt və daha mühafizəkar hakimiyyət gələ bilməz. Əgər Azərbaycan belə bir halda İranla normal münasibətləri qoruyub saxlamaq əzminə sahibdirsə, demək bundan sonra da münasibətlər normal şəkildə inkişaf edəcək. İran - Azərbaycan münasibətlərində ciddi gərginlik yaşanacağına ehtimal azdır. Çünki Azərbaycanda İrana qarşı heç bir xarici ölkənin dayaq nöqtəsi, təhlükə vasitəsi yoxdur. Azərbaycan özü də İran da daxil olmaqla qonşularla normal münasibətlərin inkişafında maraqlıdır".
Reyhan Quliyeva