İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir
Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Prezident İlham Əliyev Qərblə əməkdaşlığın hər zaman tərəfdarı olub və bu istiqamətdə mümkün olan hər şeyi edib:
“Eyni zamanda, Qərbin müəyyən yanaşmalarındakı nöqsanları da dilə gətirməkdən çəkinməyib. O, bunu yalnız öz çıxışlarında və açıqlamalarında deyil, həm də Qərb liderləri ilə görüşlərində, eləcə də Qərbin təşkil etdiyi böyük tədbirlərdə ifadə edir və bu, doğru yanaşmadır. Çünki Azərbaycan Prezidenti yalnız Azərbaycan Respublikasını deyil, eyni zamanda İslam dünyasının bir parçası olan Azərbaycanın mövqeyini də təmsil edir. İslam dünyasında birlik və həmrəyliyin vacibliyi vurğulanır və təbii ki, müsəlman ölkələrinin rəhbərləri də bu məsələlərə məsuliyyətlə yanaşmalıdırlar. İlham Əliyev də üzərinə düşən vəzifələri bir çoxlarından daha yüksək səviyyədə yerinə yetirir. Ümumiyyətlə, hesab edirəm ki, dindən siyasi məqsədlər üçün istifadə yolverilməzdir. Təəssüf ki, dünyanın həm müsəlman, həm də xristian cəmiyyətlərində dindən siyasi məqsədlərlə istifadə hallarına rast gəlinir və bu, çox vaxt sui-istifadə formasını alır. Bu, əlbəttə ki, arzuolunan hal deyil. Lakin reallıq budur ki, belə hallar mövcuddur. Qlobal təhlükəsizlik və sabitlik baxımından dindən sui-istifadə ciddi problemlərdən biridir. Təəssüf ki, dinin bu şəkildə manipulyasiya olunması xalqlar və dövlətlər arasında qarşıdurmalara, hətta açıq müharibələrə belə səbəb ola bilir və bunun tarixdə çoxsaylı nümunələri var”.
Siyasi şərhçinin sözlərinə görə,Qərblə İslam dünyası arasında münasibətlərin daha yaxşı mərhələyə çatması üçün müsəlman Şərqi və ümumilikdə müsəlman dünyası da üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir:
“Din adı altında hər cür qanunsuzluqdan, saxtakarlıqdan və mənəvi dəyərlərə zidd davranışlardan uzaq durmaq lazımdır. Təəssüf ki, bəzi müsəlman cəmiyyətlərində bu sahədə problemlər hələ də qalmaqdadır. Bəzi hallarda ən ağır yanlışlara belə yol verilir. Qərb cəmiyyətləri isə öz dəyərləri çərçivəsində buna uyğun münasibət formalaşdırırlar. Biz özümüz də daha yüksək standartlara çatmalıyıq. Necə ki, dəqiqlik və məsuliyyət nümunəsi kimi alman cəmiyyətinə baxılırsa, biz də elə bir səviyyəyə çatmalıyıq ki, insanlar müsəlmanları da dürüstlük, dəqiqlik və etibarlılıqla əlaqələndirsinlər. Özümüzü inkişaf etdirməliyik ki, dünya da bizimlə daha çox hesablaşsın və bizi daha yaxşı qəbul etsin”.
Selcan Xudiyeva