İlham Əliyevin İrana səfəri planlaşdırılır
Prezident İlham Əliyevin İrana səfəri planlaşdırılır.Bu barədə İranın Azərbaycandakı səfir Müctəba Dəmirçilu bildirib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, bu səfər anlaşılmazlıqların aradan qaldırılması ilə nəticələnə bilər:
“Bu səfər reallaşarsa, İran-Azərbaycan münasibətlərində müzakirələr, yeni müsbət siqnalları, konkret razılaşmalar və anlaşılmazlıqların aradan qaldırılması ilə nəticələnə bilər.
Qeyd edim ki, İran Prezidenti Məsud Pezeşkianın Prezident seçildikdən sonra iki dəfə səfəri baş tutub. Bu, əlbəttə, İran-Azərbaycan münasibətlərinə yeni nəfəs, yeni əhval-ruhiyyə gətirib deyə bilərik. Münasibətlərdə yaxşılaşma müşahidə olunur.
Azərbaycan da hər zaman İranla qonşuluq münasibətlərini dostluq çərçivəsində saxlamaq istəyib. Azərbaycanın İranla münasibətlərində fərqli və gərgin məqamlar yoxdur”.
Müsahib üçtərəfli münasibətlərə-Tehran-Bakı-İrəvan məsələsinə də toxunub:
“Düşünürəm ki, bu səfər həmin üçtərəfli münasibətlərin də yaxşılaşmasına səbəb ola bilər. Artıq Azərbaycan-Ermənistan münasibətləri normallaşma mərhələsindədir. Regionda həll edilməyən əsas məsələ demək olar ki, qalmayıb. Zəngəzur dəhlizi ilə bağlı İranın narahatlıqları olsa da, Pezeşkian və İran XİN bu məsələyə müsbət baxır. Mühafizəkar dairələr narahat olsa da, əslində burada İranı təhdid edən heç nə yoxdur.
Əksinə, bu yolun açılması həm Şərq-Qərb ticarət yolunu, həm də Şimal-Cənub dəhlizini gücləndirəcək. Bu isə İran üçün də faydalı olacaq. Beləliklə, Prezidentin bu səfəri baş tutarsa, bu, Azərbaycan-İran münasibətlərində yeni mərhələ ola bilər.
Vaxtilə səfirliyimizə olan hücum münasibətlərə ciddi təsir göstərib. Amma qarşılıqlı səfərlər etimadın bərpasına səbəb olur və anlaşılmazlıqların dialoqla həllini təmin edir. İran-İsrail münasibətlərindən doğan narahatlıqları olsa da, Azərbaycan bu məsələlərdə neytral mövqe sərgiləyib. Narkotika qaçaqmalçılığı ilə bağlı müəyyən problemlər olsa da, bu da müzakirə oluna bilər. Ümumiyyətlə, bu səfər nəticəsində həm təhlükəsizlik, həm də siyasi, iqtisadi, ticari əlaqələr üçün yeni imkanlar yarana bilər. Hər iki dövlətin maraqlarına uyğun qərarların qəbul olunacağı gözlənilir”.
Zəri Bayramlı
