İlham Əliyevin Qəzza ilə bağlı mövqeyi müzakirələrə səbəb olub
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində Azərbaycanın Qəzzaya sülhməramlı qüvvə göndərməyəcəyi ilə bağlı səsləndirdiyi fikirlər ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Dövlət başçısı bildirib ki, Azərbaycan heç kimin naminə öz vətəndaşlarının həyatını və sağlamlığını riskə atmaq niyyətində deyil. Prezident, eyni zamanda, Ərəb ölkələrinin problemlərinin məhz onların iştirakı ilə həll edilməsinin daha doğru olduğunu vurğulayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli qeyd edib ki, Prezident İlham Əliyevin bu mövqeyi tam əsaslı və reallığa uyğundur.
Politoloqun sözlərinə görə, dövlət başçısının Qəzza məsələsi ilə bağlı açıqlamaları mövcud vəziyyəti dolğun şəkildə əks etdirir:
"Azərbaycan uzun illərdir Fələstini və Qəzzada yaşayan fələstinliləri dəstəkləyir, hətta Fələstin dövlətini müstəqil ölkə kimi tanıyan ilk dövlətlər sırasında yer alıb. Bu addım Azərbaycan dövləti tərəfindən onilliklər əvvəl atılıb. Hazırda Azərbaycanda Fələstinin səfirliyi fəaliyyət göstərir və bəzi məlumatlara görə, səfirliyin xərcləri də Azərbaycan hesabına qarşılanır. Bu faktlar Azərbaycanın Fələstinə münasibətdə beynəlxalq hüquq normalarına əsaslanan ardıcıl və prinsipial mövqe sərgilədiyini, problemin isə iki dövlət prinsipi çərçivəsində həllini dəstəklədiyini göstərir".
Elçin Xalidbəyli vurğulayıb ki, bu baxımdan Azərbaycanın mövqeyinə qarşı irad bildirmək üçün heç bir əsas yoxdur:
"Azərbaycan onilliklər boyu Fələstinə dəstək göstərməsinə baxmayaraq, Fələstin Muxtariyyəti ölkənin əraziləri işğal altında olduğu dövrdə Ermənistanı dəstəkləyib və açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirib. Azərbaycanın verdiyi siyasi və mənəvi dəstək nəzərə alınmayaraq, ermənilərin mövqeyi müdafiə olunub. Bu səbəbdən Azərbaycan Fələstin probleminin həllində aparıcı dövlət rolunda çıxış etmək niyyətində deyil. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu məsələ Ərəb dövlətlərinin birbaşa iştirakı ilə həll olunsa, daha məqsədəuyğun olar".
Politoloq əlavə edib ki, Qəzzaya hərbi kontingent göndərilməməsi ilə bağlı qərar həm siyasi, həm də humanitar baxımdan əsaslandırılmış mövqedir:
"Prezident açıq şəkildə bəyan edir ki, Azərbaycan əsgərlərinin həyatını və sağlamlığını hər hansı xarici maraqlara görə riskə atmaq qəbuledilməzdir. Bu yanaşma mövcud vəziyyəti tam və aydın şəkildə ifadə edir. Azərbaycan bu məsələdə tənqid edən bir çox ölkədən qat-qat artıq Fələstinə dəstək göstərib və bunu edərkən heç bir qlobal gücün mövqeyindən asılı olmayıb. Bu baxımdan Qəzzaya hərbi kontingent göndərilməməsi ilə bağlı qərar Azərbaycan dövləti və Prezident İlham Əliyevin ən düzgün addımlarından biri kimi qiymətləndirilməlidir və bu mövqe yalnız alqışlana bilər",-deyə o, fikirlərini yekunlaşdırıb.
Lalə Qurbanlı
