“İlham Əliyevlə görüşdə müdafiə sahəsində əməkdaşlığın əsas istiqamətlərini müzakirə etdik“
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koaker Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü məhsuldar və məzmunlu adlandırıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Azərbaycanla Böyük Britaniyanın əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə keçib:
“Bu da, daha çox Dağlıq Qarabağ münaqişəsinin tam şəkildə həll olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası və avqust ayında iki ölkənin arasında imzalanmış sülh sazişinin Amerikada paraflanmasından sonra mümkün olub. Əslində 2025-ci ilin elə ilk aylarından Azərbaycan- Britaniya əməkdaşlığında yeniliyin əsası qoyulub. Hələ ilin əvvəlində Britaniya Azərbaycandakı səfirliyinə hərbi attaşe təyin etdi. Bir neçə ay öncə isə Azərbaycana münaqişə ilə əlaqədar vaxtilə tətbiq olunmuş silah embarqosunu götürdüyünü rəsmən elan elədi. Bu günlərdə Britaniyanın müdafiə nazirinin Azərbaycana səfəri və Azərbaycan Prezidenti ilə görüşü qarşıda dayanan və başlayan yeni hərbi əməkdaşlıq mərhələsinin bir növ yol xəritəsinin çəkilmə mərasimi idi. İndi Böyük Britaniya Azərbaycana hansı müdafiə silahları, hansı təhlükəsizlik silahları ilə təmin edəcəyini müzakirə edir. Bu, əlbəttə, iki ölkə münasibətlərində keyfiyyətcə tam bir dəyişmə dövrüdür. Bir vaxtlar Britaniya münaqişə ilə əlaqədar Azərbaycanla hərbi cəhətdən çox çəkinərək əməkdaşlıq edirdisə, bu gün yollar, demək olar ki, açılıb və Azərbaycanla Britaniya arasında hərbi sənaye, hərbi texniki və hərbi təhsil əməkdaşlığında böyük istiqamətlər açılır. Əlbəttə, bu da, təsadüfi deyil. Azərbaycan iqtisadiyyatına ilkin böyük məbləğdə investisiyaları yatıran ölkələrin birincisi, Böyük Britaniyadır. Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda Britaniya təşəbbüskar və qabaqcıl bir ölkədir. Əgər iqtisadi investisiya müstəvisində Britaniya böyük paya malik idisə, onun hərbi əməkdaşlıq müstəvisində böyük paya malik olması da, məntiqi bir nəticədir. Buna görə də, bundan sonra Azərbaycan-Britaniya münasibətlərində yeni və daha əhəmiyyətli, keyfiyyətcə maraqlı mərhələlərin şahidi olacağıq “.
Reyhan Quliyeva
