İllərdir ki, işləyirəm və həmişə dediyim bir söz olub:Allah məni utandırmasın -FAİZƏ MEHDİYEVA
“Gənclik layihələri və auditoriya” mövzusunda çıxış edən Xüsusi Layihələr Studiyasının böyük redaktoru Faizə Mehdiyeva Teleradio Akademiyasınln tələbələriylə həm şəxsi təcrübəsini,həm də televiziya sahəsinin reallıqlarını bölüşdü.
Mehdiyeva qeyd etdi ki, onun AZTV-də ilk süjeti “Həyata vəsiqə” verilişində olub və müəllif bu debütü televiziya yolunun başlanğıcı hesab edir . Uzun illər gənclik layihələri üzərində işlədiyini bildirən mütəxəssis hazırda fəaliyyətini daha çox studiya istiqamətində davam etdirdiyini də söylədi. Onun sözlərinə görə, televiziya canlı sənətdir və burada həm uğur qazanmaq, həm də cəsarətli olmaq əsas şərtdir.
Çıxış zamanı bir sıra uğurlu layihələrdən də danışıldı. "Tələbə klubu "“Mən, sən, o”, “7 gözəl” “2×2” ,"Üçbucaq" "Tanı məni"kimi verilişlərin gənclərlə interaktiv ünsiyyət qurmaq baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulandı.
1984-cü ildən Azərbaycan Televiziyasında gənclik telelayihələrinin müəllifi kimi fəaliyyət göstərən Faizə Mehdiyeva “Tələbə klubu” verilişinin yetirmələri ilə daim qürur duyduğunu qeyd etdi.O bildirdi ki, bu layihənin “şinelindən” çıxan onlarla iştirakçı bu gün cəmiyyətdə tanınan, sayılıb-seçilən simalara çevriliblər.
Mehdiyeva vurğuladı ki, həmin verilişin yetirmələri arasında Fərda Xudaverdiyev,Nicat Kazımov, Vüsalə Əlizadə,İqbal Məmmədəliyev, Salam Məmmədəliyev,Günel Musa, Əkbər Əlizadə , Elnur Hüseynov və Elşən Cəbrayılov kimi tanınmış şəxslərin olması onun üçün xüsusi qürur mənbəyidir.O qeyd etdi ki, onların uğurları layihənin əhəmiyyətini bir daha təsdiqləyir.
O,gənclərlə işin əsas prinsipini belə ifadə etdi: “Gənclərə mütləq şərait yaratmaq, onlara güvənmək və inanmaq lazımdır”.
Görüş çərçivəsində yeni mövsüm üçün layihə formatları da müzakirə edildi.Auditoriyada debat xarakterli proqramlar, interaktiv oyunlar, küçə sorğuları və macəra formatlı verilişlərə üstünlük verilməsinin vacibliyindən də danışıldı. Xüsusilə Fort Boyard tipli fiziki və dinamik layihələrin maraq doğurduğu qeyd edildi.Bundan əlavə, sosial eksperimentlərin əhəmiyyəti də diqqətə çatdırıldı. Məsələn, pul kisəsinin qəsdən “itirilməsi” və insanların reaksiyasının izlənilməsi kimi süjetlərin cəmiyyətin davranışını göstərmək baxımından təsirli olduğu vurğulandı.
Sonda Mehdiyeva yeni mövsümdə “2×2” verilişinin yeni formatda təqdim olunacağını, “Tanı məni” layihəsinin isə daha sərbəst və fərqli yanaşma ilə davam edəcəyini açıqladı. Bu verilişdə tanınmış şəxslərin daha az bilinən tərəfləri ,xüsusilə gənclərin sualları vasitəsilə üzə çıxarılır.O, həmçinin layihələrin hazırlanma mərhələlərindən də danışaraq format, janr, müddət və mövzu seçiminin uyğunluğunun əhəmiyyətini vurğuladı. Müəllif ideyanı əvvəlcədən formalaşdırır, daha sonra layihə rejissora təqdim olunur və növbəti mərhələlərdə işıq, təsvir və efir estetikası üzərində işlənilir.O,həm də qeyd etdi ki, əslində peşəkar müəllif öz formatını rejissordan qabaq görməlidir.
Çıxışının sonunda Faizə Mehdiyeva gənclərin təkcə auditoriya deyil,həm də ideya mənbəyi olduğunu söylədi.
Fəridə Sadıqzadə
