“İmzalanan sənədlər Almaniya-Azərbaycan münasibətlərini yeni strateji səviyyəyə qaldırır”- ŞƏRH
Prezident İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu "İnformator.az”a açıqlamasında bildirib ki, Almaniya və Azərbaycan münasibətləri ikitərəfli kontekstdə öz tarixinin ən mühüm mərhələsinə qədəm qoyub:
“Azərbaycan Prezidentinin Almaniyaya etdiyi səfər zamanı iki ölkə arasında imzalanan sənədlərə diqqət etsək, görərik ki, adından da bəlli olduğu kimi, bunlar strateji sənədlərdir və Almaniya-Azərbaycan münasibətlərini yeni strateji səviyyəyə qaldırır. Münasibətlərin strateji səviyyəyə yüksəldilməsinin səbəbi ondan ibarətdir ki, bu sənədlər təhlükəsizlik məsələlərindən tutmuş hərbi-sənaye sahəsində əməkdaşlığa, təhsildən enerji sektoruna qədər geniş spektri əhatə edir. Eyni zamanda, imzalanan birgə Bəyannamədə tərəflərin uzunmüddətli dostluq əlaqələrini davam etdirmək iradəsi öz əksini tapıb. Bu isə göstərir ki, əməkdaşlıq keçici deyil, uzunmüddətli və strateji xarakter daşıyır. Çoxsaylı əməkdaşlıq istiqamətləri mövcuddur. Lakin bizim üçün ən əhəmiyyətli məsələlərdən biri Zəngəzur dəhlizi üzərindən keçən kommunikasiyalar sahəsində əməkdaşlığın nəzərdə tutulmasıdır. Digər mühüm məqam isə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafına Almaniyanın dəstək verəcəyinin razılaşmada qeyd olunmasıdır. Ona görə də düşünürəm ki, bu sənədlər tamamilə yeni tarixi mərhələnin əsasını qoyur. Bu prosesi yalnız Almaniya-Azərbaycan münasibətlərinin inkişafı kimi deyil, eyni zamanda, Cənubi Qafqaz kontekstində Avropa İttifaqı–Azərbaycan münasibətlərində yeni mərhələ kimi də qiymətləndirmək olar”.

Nurgün Qənizadə