00:00:00
Yazar
Ayan Sədi
08.07.2026 12:43 31 2 dəq oxuma
Araşdırma

İqlim dəyişikliyinin əsas riskləri: Təbiət və insan amili

İqlim dəyişikliyinin əsas riskləri: Təbiət və insan amili

Dünyanın müxtəlif bölgələrində müşahidə olunan daşqınlar, meşə yanğınları, uzunmüddətli quraqlıqlar və rekord temperatur göstəriciləri iqlim dəyişikliyi ilə bağlı müzakirələri daha da artırıb. Bu isə bir sualı gündəmə gətirir: iqlim dəyişikliyinin yaratdığı əsas risklər təbiətin özündən qaynaqlanır, yoxsa insan fəaliyyətindən?

 

Mütəxəssislər bildirirlər ki, insan fəaliyyəti iqlim dəyişikliyinin sürətlənməsində mühüm rol oynasa da, onun yaratdığı nəticələr əsasən təbiətdə özünü göstərir. Son illərdə sel və daşqınların, güclü küləklərin, quraqlıqların və ekstremal hava hadisələrinin daha çox müşahidə olunması bu prosesin ən görünən nəticələri hesab edilir.

 

Ekoloq Emin Məmmədov mövzu ilə bağlı "İnformator.az"a bildirib ki, burada insan fəaliyyəti ilə iqlim dəyişikliyinin yaratdığı riskləri bir-birindən ayırmaq vacibdir. İnsan fəaliyyəti iqlim dəyişikliyinə təsir göstərən amillərdən biridir, lakin insanların qarşılaşdığı əsas təhlükələr daha çox təbiət hadisələri formasında ortaya çıxır.

 

 “İqlim dəyişikliyi nəticəsində yaranan risklər əsasən təbiətlə bağlıdır. Sel və daşqınlar, çayların məcrasından çıxması, güclü küləklər, qasırğalar, quraqlıq və su çatışmazlığı kimi hadisələr bunun ən bariz nümunələridir. İnsan fəaliyyəti isə daha çox bu prosesin yaranmasına təsir edən amillərdən biridir”.

 

Ekspert vurğulayıb ki, iqlim dəyişikliyinin təsirlərini tamamilə aradan qaldırmaq mümkün olmasa da, cəmiyyət bu dəyişikliklərə uyğunlaşmağa çalışmalıdır.

 

“Əgər su ehtiyatlarında azalma müşahidə olunursa, sudan daha qənaətlə istifadə edilməli, kənd təsərrüfatında və şəhər infrastrukturunda yeni şəraitə uyğun həllər tətbiq olunmalıdır. Əsas məsələ dəyişən iqlim şəraitinə adaptasiya olmaqdır".

 

Araşdırmalar göstərir ki, qlobal temperaturun artması quraqlıq, intensiv yağıntılar və digər ekstremal hava hadisələrinin tezliyini və gücünü artırır. Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, bu risklərin cəmiyyətə təsiri insanların hazırlıq səviyyəsindən, şəhərsalma planlaşdırılmasından və təbii resurslardan istifadə siyasətindən də asılıdır.

 

Ekoloqun fikrincə, iqlim dəyişikliyi ilə mübarizə yalnız emissiyaların azaldılması ilə məhdudlaşmamalı, eyni zamanda cəmiyyətin yeni iqlim reallıqlarına uyğunlaşmasını təmin edən tədbirləri də əhatə etməlidir.

 

Fidan Abdullayeva

#dəyişikliyinin #amili #yeni #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər