" İrəvan Avropa İttifaqının siyasi dəstəyi olmadan hakimiyyətdə qalması çətinləşə bilər " - ŞƏRH
Erməni KİV-lərinin yaydığı məlumata görə, Ermənistan hökuməti Rusiyanın ölkə daxilindəki təsir imkanlarını zəiflətmək məqsədilə Avropa İttifaqına müraciət edib. Müraciətdə Aİ-nin sürətli hibrid reaksiya qrupunun Ermənistana göndərilməsi xahiş olunur.
Mövzu ilə bağlı siyasi şərhçi Əli Orucov “İnformator.az”a bildirib ki, Donald Trampın həyata keçirdiyi xarici siyasət və Rusiyaya münasibətdə nümayiş etdirdiyi mövqe Moskvanın postsovet məkanında o cümlədən Cənubi Qafqazda fəallaşmasına müəyyən imkanlar yaradıb:
“Kreml itirdiyi geosiyasi mövqeləri tədricən bərpa etmək istiqamətində addımlar atır. Ermənistan Rusiyanın hərbi, siyasi və iqtisadi müttəfiqi olsa da, Nikol Paşinyan hakimiyyəti Moskva ilə münasibətlərdə daha məsafəli və ehtiyatlı xətt tutmağa çalışır. Rəsmi İrəvan açıq konfrontasiyanın ciddi fəsadlar doğuracağından çəkinir. Qərbə inteqrasiya kursunu prioritet seçən mövcud iqtidar parlament seçkiləri yaxınlaşdıqca Rusiyaya yaxın müxalif qüvvələrin qarşıdurmaya meyillənməsindən narahatdır. Paşinyan yaxşı anlayır ki, Qərbin siyasi dəstəyi olmadan hakimiyyətdə qalması çətinləşə bilər. Bununla belə, Rusiyanın Ermənistana hərbi, iqtisadi və informasiya müstəvisində təsir imkanları uzun müddət qalacaq. İrəvanın Qərbdən hibrid dəstək istəməsi preventiv addım kimi qiymətləndirilir. Moskva isə Ermənistanın öz təsir dairəsindən uzaqlaşmaması üçün imkanlarını saxlayacaq və onun ənənəvi mövqeyini qorumaqda maraqlı olacaq. Qərbin, xüsusilə ABŞ və Avropa İttifaqının Qafqazda maraqlarını artırması açıq görünür. ABŞ Prezidenti Ceyms Devid Vensin İrəvan və Bakıya 3 günlük səfəri Vaşinqtonun diqqətinin göstəricisi kimi qiymətləndirilir. Bununla belə, regiona kənar hərbi-siyasi strukturların yerləşdirilməsi geosiyasi həssaslıq doğurur və tərəflər arasında balansın qorunması əsas çağırış olaraq qalır”.
Cavahir Əsgərbəyli
