İran ABŞ-dən sanksiyaları ləğv etməsini istəyir
Tehran Vaşinqtondan İrana qarşı ABŞ sanksiyalarını ləğv etməyi xahiş edir və ABŞ administrasiyası İran hakimiyyətini dinləməyə hazırdır.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, əslində, İran indiyə qədər imzaladığı nüvə razılaşmalarının heç birini pozmayıb:
"Sanksiyaların ləğvi, tərəflər arasında yeni və birləşdirici münasibətlərin yaranmasına səbəb ola bilər. Çünki faktiki olaraq son dövrlərdə nümayəndələrin görüşləri zamanı onların arasında birbaşa dialoqdan çox, üçüncü tərəflərin iştirakı ilə müzakirələr aparılır. Yəni tərəflər üz-üzə oturub birbaşa danışıqlar aparmırlar. Əgər ABŞ belə bir təşəbbüslə çıxış etsə ki, sanksiyaları aradan qaldırır, xüsusilə bu addımı məhz ABŞ atmalıdır, bu, müsbət nəticə verə bilər. Çünki artıq bu sanksiyalar qeyri-qanuni xarakter daşıyır. İran 2015-ci ildə Vyanada əldə olunan nüvə sazişindən çıxmayıb. ABŞ isə Trampın hakimiyyətə gəlməsindən sonra birtərəfli şəkildə bu sazişdən çıxıb. Vaxtilə İranın xarici işlər naziri Cavad Zərifin ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə yaxşı münasibətləri var idi. Onlar Vyanada tez-tez bir yerdə görünürdülər. Bu isə o deməkdir ki, qarşılıqlı anlaşma üçün zəmin mövcuddur. Lakin həm ABŞ-də, həm də İranda elə dairələr var ki, onlar münasibətlərin normallaşmasını və yaxınlaşmanı istəmirlər. Onlar tərəflər arasında qarşıdurmanın davam etməsinə və hətta dərinləşməsinə çalışırlar. Əgər ABŞ administrasiyası, xüsusilə Tramp dövründə olduğu kimi, real və praqmatik yanaşma sərgiləsə, İranı da eyni mövqeyə təşviq edə bilər. İranın bölgəyə əməli təsiri çox güclü ola bilər. Çünki region ölkələrinin bəziləri ABŞ-nin təzyiqindən və qorxusundan İranla açıq şəkildə yaxınlıq etmək istəmir. Onlar çəkinir, ehtiyat edir və özlərini elə aparırlar ki, guya bu məsələ onların tam suveren qərarıdır. Amma əslində, ABŞ bölgədə İranla normallaşma proseslərinin qarşısını alır. Əgər bu normallaşma baş versə, bölgədə ticari münasibətlərdə canlanma yarana bilər, nəqliyyat və logistika məsələləri öz həllini tapa bilər. Eyni zamanda, "Cənub dəhlizi" adlanan nəqliyyat marşrutu da fəallaşa bilər. Hazırda bu dəhlizin iflic vəziyyətdə olması, əsasən, İranla bağlı məsələlərin həll olunmamasından qaynaqlanır. ABŞ isə bu dəhlizin tam işlək vəziyyətə düşməsini istəmir. Hələlik vəziyyət belədir. Bütün bu proseslərdən çıxış yolu kimi görünür ki, hər iki tərəf həm ABŞ, həm İran müəyyən güzəştlərə getməli, nələrisə qurban verməlidirlər. Əgər onlar dialoqa başlasalar və bu danışıqlarda ciddi və səmimi mövqe sərgiləsələr, tərəflər arasındakı gərginlik bir qədər yumşala bilər. Əsas məsələ, yaranmış fəsadları aradan qaldırmaq və gələcəkdə qarşılıqlı əməkdaşlığa yol açmaqdır. Ola bilsin ki, İran da nüvə proqramı ilə bağlı müəyyən güzəştlərə gedə bilər. ABŞ əvvəldən, xüsusilə Netanyahu hökumətinin təkidi ilə çalışıb ki, İranın nüvə sənayesini tamamilə ləğv etsin. Amma bu mümkün deyil. Çünki nüvə sənayesi İran üçün son dərəcə vacib bir sahədir. Orada elmi-tədqiqat mərkəzləri, istehsal zəncirləri, tibbi sahədə istifadə olunan avadanlıqlar və materiallar mövcuddur. Bu sahə İranın milli maraqları baxımından strateji əhəmiyyət daşıyır. Ona görə də İran nüvə texnologiyalarını qoruyub saxlamağa daim çalışıb. Bu onun hüququdur. Əslində, İran indiyə qədər imzaladığı nüvə razılaşmalarının heç birini pozmayıb. Amma ABŞ-də, xüsusilə İsrailə yaxın dairələrdə elə bir fikir yaradılıb ki, guya İran daim qaydaları pozur. Halbuki bu reallığı tam əks etdirmir. Əgər ABŞ və İran arasında münasibətlərdə yumşalma baş versə, çox güman ki, İran yenidən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığa qayıda bilər. Grossinin rəhbərlik etdiyi qurumun nümayəndələri İranda fəaliyyət göstərə bilər. İran əvvəllər də Grossini və AEBA-nı İsrailin maraqları naminə casusluqda ittiham edib. Təbii ki, bu məsələlərin necə inkişaf edəcəyini zaman göstərəcək. Əgər münasibətlər yumşalarsa, yeni bir mərhələnin başlaya biləcəyi istisna deyil. Amma bu prosesin də yetişməsi, yetkinləşməsi üçün vaxt lazımdır. Əlbəttə, hər şeyi zaman göstərəcək".
Səmayə Səftərova