00:00:00
Yazar
Admin User
19.11.2025 19:12 132 3 dəq oxuma
Siyasət

İran ABŞ ilə danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb

İran ABŞ ilə danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb

İranın sabiq Xarici İşlər naziri Əli Əkbər Xərrazi bildirib ki, Tehran ABŞ ilə diplomatik danışıqları yenidən başlatmağa hazırdır. Onun sözlərinə görə, bu addım həm regional sabitliyin təmin olunması, həm də beynəlxalq münasibətlərin tənzimlənməsi baxımından böyük əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, İranın danışıqlara hazır olduğunu bildirməsi, danışıqların real başlanması və ya müsbət irəliləyişlərin əldə olunması anlamına gəlmir:


“Hal-hazırkı mövqelər çox sərtdir və arada böyük uçurum var. Bu fərqliliklər yalnız ABŞ və İran arasında qalmır. Regiondakı digər dövlətlərin, məsələn, BƏƏ, İsrail, Rusiya, Çin və Avropa ölkələrinin müdaxiləsi ilə daha da mürəkkəbləşir. Nəticədə, hər iki tərəf “danışıqlara hazırıq” mesajı versə də, real diplomatik irəliləyiş hələ ki, mümkün görünmür. Hazırda regionda güc balansına təsir diplomatiyadan çox qarşıdurmalar vasitəsilə həyata keçirilir. Güc balansında ciddi dəyişiklik yalnız ABŞ ilə İran arasında uzunmüddətli və kəskin qarşıdurmalar baş verərsə mümkündür. Diplomatik bəyanatlar isə indiki mərhələdə daha çox siqnal xarakteri daşıyır və dərhal regional dəyişiklik yaratmır. İran və ABŞ arasında hər hansı real razılıq əldə olunmazsa, regiondakı digər dövlətlər də öz siyasətlərini buna uyğun tənzimləməyə çalışacaqlar. Bu isə Yaxın Şərqdə strateji risklərin artması ilə nəticələnə bilər. Danışıqların bərpası beynəlxalq siyasətdə İranın mövqeyinə yalnız məhdud təsir göstərəcək. Əgər danışıqlar başlasa belə, bu Tehran üçün köklü dəyişiklik və ya mövqeyin radikal yenidən qurulması demək olmayacaq. İran ABŞ və qərb ölkələri ilə münasibətlərini yaxşılaşdırmaq istəsə də, müəyyən kompromislərə getməlidir. Lakin hazırkı sərt daxili siyasi və totalitar rejim bu prosesi çətinləşdirir. Tehran həm daxildə rejimin möhkəmlənməsini, həm də xarici siyasətdə mövqeyinin qorunmasını prioritet olaraq hədəfləyir. Bu baxımdan, regionda ciddi dəyişiklik gözləmək hələ tezdir".

 

Həmçinin ekspert əlavə edib ki, danışıqların bərpası həm də iqtisadi sahədə bəzi gözləntiləri formalaşdırır:

 

“ABŞ ilə dialoq imkanları, nüvə proqramı ilə bağlı sanksiyaların yumşaldılması və beynəlxalq ticarətə çıxış İran üçün iqtisadi sahədə yeni üfiqlər aça bilər. Lakin indiki şərtlərdə İranın daxili iqtisadi və siyasi məhdudiyyətləri, eləcə də beynəlxalq təzyiqlər, hər hansı ciddi iqtisadi irəliləyişi çətinləşdirir. ABŞ tərəfi də İranla danışıqlarda yalnız ciddi nüvə öhdəliklərinə və regional davranışlara bağlı şərtləri qəbul edə bilər. Bu isə Tehran üçün kompromis məsələsini aktuallaşdırır və uzun müddətli danışıqlar tələb edir. İranın danışıqlara hazır olması regional güc balansına birbaşa təsir etməsə də, strateji siqnal rolu oynayır. Belə bəyanatlar regiondakı qonşu dövlətlər, xüsusilə İsrail, Səudiyyə Ərəbistanı və Körfəz ölkələri üçün xəbərdarlıq xarakteri daşıyır. Onlar İranın ABŞ ilə münasibətlərindəki niyyətlərini və mümkün dəyişiklikləri diqqətlə izləyirlər. Həmçinin, Rusiya və Çin kimi regional oyunçular İranın diplomatik fəaliyyətini nəzərdən keçirərək öz strateji addımlarını uyğunlaşdıracaqlar. Bu baxımdan, diplomatik bəyanatlar hətta real danışıqlar başlamasa da, beynəlxalq və regional siyasətdə təsir mexanizmi yaradır. Nəticə etibarı ilə İranın danışıqlara hazır olduğunu bildirməsi yaxın zamanda böyük dəyişikliklərin baş verəcəyi anlamına gəlmir. Hələ ki, hər iki tərəf arasında mövqelər çox sərtdir və real kompromisə nail olmaq üçün həm daxildə, həm də beynəlxalq səviyyədə ciddi işlər aparılmalıdır”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər