İran ABŞ-ni ittiham edib
ABŞ-nin Nyu-Yorkdakı iranlı diplomatlara və onların ailələrinə tətbiq etdiyi yeni məhdudiyyətlər İranın BMT-dəki diplomatik fəaliyyətinə zərbə vurmaq məqsədi daşıyır.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı "İnformator.az"a açıqlamasında bildirib ki, İran dövləti dünya siyasətinə inteqrasiya etməyi bacarmalıdır:
"BMT bu gün müstəqil qurum kimi dünyanın ən önəmli beynəlxalq təşkilatı sayılır. Amma nəzərə almaq lazımdır ki, təşkilatın mənzil-qərargahı Amerika Birləşmiş Ştatlarında yerləşir. Burada təmsil olunmaq üçün isə ilk növbədə ABŞ-nin həmin ölkə nümayəndələrinin öz ərazisinə daxil olmasına icazə verməsi tələb olunur. Bu məqam qlobal sistemin işləmə mexanizmini anlamaqda vacibdir. İran tərəfi isə bunu lazımi qədər nəzərə almadı. Əgər fiziki olaraq İran nümayəndələrinin BMT-nin qərargahında iştirakına imkan verilməsə də, gələcəkdə bu qadağalar daha da genişlənə bilər. Yalnız diplomatların deyil, ekspertlərin, iqtisadçıların, hökumət və ictimaiyyət nümayəndələrinin də tədbirlərdən kənarda qalması mümkündür. Bununla belə, İran müstəqil dövlət olaraq BMT-nin üzvü kimi qalacaq və təşkilatın qərarlarının, tədbirlərinin kənarında deyil, beynəlxalq siyasətin bir parçası olaraq fəaliyyət göstərməyə davam edəcək. Lakin “sivil dünyadan təcrid olunma” faktı İran üçün ciddi nəticələr doğura bilər. Onsuz da onun beynəlxalq nüfuzu getdikcə zəifləyir. Əgər indi də bu tədbirlərə giriş hüququ məhdudlaşdırılarsa, İran üçün bu, beynəlxalq mövqelərinin daha da zəifləməsi demək olacaq. İran buna necə cavab verə bilər? Coğrafi uzaqlıq, ABŞ-lə zəif diplomatik və iqtisadi əlaqələr səbəbindən İranın imkanları məhduddur. Ona görə də əsas çıxış yolu daxildə özünü yeniləməkdir. İran dövləti dünya siyasətinə inteqrasiya etməyi bacarmalıdır. Tarixdən nümunə götürsək, kommunist sistem belə bir mərhələdə iqtisadiyyatın və beynəlxalq ticarətin əhəmiyyətini gördü, sənaye inqilabının rolunu dərk etdi və qapalı ölkədən qlobal tərəfdaşlıqlar quran dövlətə çevrilib.İran isə hələ də bu reallığı dərk etmir. Əgər sanksiyalar və təcriddən sığortalanmaq, gələcəkdə belə hallardan qaçmaq istəyirsə, ilk növbədə yenilənməli, yeni dünyanın qaydalarını öyrənməli və buna uyğun müasir sistem qurmalıdır".
Xədicə Məhərrəmli
