İran ABŞ-nin sanksiyaları necə ləğv edəcəyinə aydınlıq tələb edir
İran bildirir ki, ABŞ-nin nüvə razılaşması çərçivəsində sanksiyaları hansı formada aradan qaldıracağı tam açıqlanmayıb. Rəsmi Tehran danışıqlarda Vaşinqtonun təklif etdiyi sənədin yetərincə aydın olmadığını düşünür və sanksiyaların aradan qalxmasına dair konkret təminat istəyir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi ABŞ-nin “məqbul” adlandırdığı təklifi təqdim etməsindən bir neçə gün sonra bu barədə danışıb. Məlumata görə, İran həmin təklifi başlanğıc üçün uyğun hesab etmir və rədd cavabı verməyə hazırlaşır. Vaşinqton isə danışıqlarda İranın nüvə proqramının dinc məqsədli olduğuna dair zəmanət almağa çalışır.
İran tərəfi ABŞ-nin konkret və şəffaf mexanizm təqdim etməsini istəyir. Bəqayi bildirib ki, ölkəsi yalnız real nəticə verəcək sanksiya aradan qaldırılmasına razılıq verə bilər. ABŞ isə uranın zənginləşdirilməsini tamamilə dayandırmağı tələb edir və bunu “qırmızı xətt” adlandırır.
BMT-nin sızan hesabatında qeyd olunur ki, İran hazırda uranı 60 faiz səviyyəsində zənginləşdirir ki, bu da enerji istehsalından xeyli yüksəkdir, lakin atom silahı üçün lazım olan 90 faizdən azdır. Bəqayi bu hesabatı qərəzli adlandırıb və Qərb ölkələrinin BMT-yə siyasi təzyiq etdiyini bildirib.
Danışıqlarda irəliləyiş əldə olunmayıb. Tehran hələ də ABŞ-nin təqdim etdiyi sənədi nəzərdən keçirdiyini, lakin onun qəbul edilə bilən olmadığını qeyd edir. Reuters-in yaydığı məlumata əsasən, İran artıq bu təklifə mənfi cavab hazırlayır və bu, rədd kimi qiymətləndirilə bilər.
Al Jazeera
Qəmər Kazımzadə