İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib
İran ABŞ-yə münaqişənin həlli üzrə Amerika blokadasının ləğvini, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasını və ardınca Tehranın nüvə proqramı üzrə danışıqlara keçidi özündə ehtiva edən yeni təklif göndərib.
"İnformator.az" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İran tərəfi Pakistanın vasitəçiliyi ilə yeni təklifi Vaşinqton nümayəndələrinə çatdırıb.
"Təşəbbüs danışıqlar prosesindəki mövcud dalandan çıxmağa və İran rəhbərliyinin ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə razılaşma əldə etmək naminə getməyə hazır olduğu nüvə güzəştlərinin həcmi ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa yönəlib", - nəşr qeyd edib.
"Axios" qeyd edib ki, İranın təşəbbüsü, ilk növbədə, Hörmüz boğazı ətrafındakı böhranlı vəziyyətin həllinə və Amerika blokadasının ləğvinə hesablanıb. Hər iki tərəfin qüvvədə olan atəşkəs rejimini "uzun müddətə uzatması və ya hərbi əməliyyatların tam və qəti şəkildə dayandırılması barədə razılığa gəlməsi" nəzərdə tutulur.