"İran Azərbaycanı hədələsə, Türkiyə Azərbaycanın yanında olacaq" - Ali Satan
Mərkəzi və Cənubi Asiyada Pakistan və Əfqanistan müharibəsi ilə yanaşı, Yaxın Şərqdə ABŞ və İsrailin İrana müharibə elan etməsi, proseslərin daha da mürəkkəb vəziyyət alması bütün dünyanı, əsasən də, Türkiyə, Azərbaycan, Rusiya kimi ölkələri dərin narahat edir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Marmara Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin professoru, türk tarixçi Ali Satan ABŞ və İsrailin İrana birgə hücumunun Türkiyənin narahatlıqla izlədiyini bildirib.
Onun sözlərinə görə, Türkiyə bölgədə müharibələrin olmasının qəti əleyhinədir:
"Təəssüflər olsun ki, bölgəmizdə bir müharibə bitir, digəri başlayır. Türkiyə müharibə istəmir, rasional bir yanaşma ilə ölkəsində və bölgəsində sülh, inkişaf, istehsal, firavanlıq istəyir. Onun siyasəti bu istiqamətdədir, lakin İsrail öz geosiyasi gündəminə görə müharibəyə üstünlük verərək ABŞ-ni də bu işə cəlb edir. Təbii ki, bu prosesdə deyə bilərik ki, NATO-nun müharibəyə müdaxiləsindən söhbət gedə bilməz. İran ABŞ-nin bölgədəki bazalarına hücum edir, amma onun Türkiyədəki bazalarına hücum edəcəyini gözləmirəm",-deyə Ali Satan qeyd edib.
Müsahibimiz İranın Azərbaycana təhlükə yaradacağı istiqamətində Türkiyənin Azərbaycanın yanında olacağını da deyib:
"İran Azərbaycanı hədələsə, Türkiyə təbii ki, Azərbaycanın yanında olacaq. Bununla bağlı narahat olmanıza ehtiyac yoxdur. Türkiyə bu münaqişədə vasitəçilik etmək üçün xüsusi səylər göstərib. ABŞ hətta danışıqların İstanbulda aparılacağını açıqladı. İran son anda danışıqlar yeri kimi Omanı seçdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün verdiyi açıqlamada tərəfləri qan tökülməsinin qarşısını almağa çağırıb. Bu regional müharibələr Üçüncü Dünya Müharibəsini başlatmaq üçün kifayət qədər güclü deyil",-deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltan
