00:00:00
Yazar
Admin User
10.12.2025 05:30 110 2 dəq oxuma
Siyasət

İran–Azərbaycan münasibətlərində yeni mərhələ

İran–Azərbaycan münasibətlərində yeni mərhələ

İran və Azərbaycan münasibətləri regionun təhlükəsizliyi, iqtisadi inkişafı və siyasi balansı baxımından xüsusi əhəmiyyət kəsb edən ikitərəfli əlaqələrdir. Tarixi, mədəni və dini bağlarla bağlı olan bu iki qonşu ölkə müxtəlif dövrlərdə əməkdaşlıq və gərginlik mərhələləri yaşasa da, ümumi mövqe ondan ibarətdir ki, münasibətlərin inkişafı həm regional sabitlik, həm də qarşılıqlı maraqlar üçün vacibdir.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və İran arasında əməkdaşlıq hər zaman mövcud olub:

 

"Azərbaycan Respublikası İranla münasibətlərin inkişafına xüsusi önəm verib və bu əməkdaşlıq ikitərəfli əlaqələrin genişlənməsində mühüm rol oynayıb. Ümumilikdə, Azərbaycan bütün qonşu ölkələrlə olduğu kimi, İranla da əlaqələrin möhkəmlənməsini davamlı şəkildə dəstəkləyib. Düzdür, İran daxilində zaman-zaman Azərbaycanla münasibətlərin normallaşmasına mane olmağa çalışan müəyyən qruplar mövcud olub və müxtəlif vasitələrdən istifadə edərək əlaqələrə zərbə vurmağa cəhd ediblər. Bu qruplar bu gün də tam şəkildə sıradan çıxmayıb. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan həmişə mehriban qonşuluq münasibətlərinin bərpası və inkişafı istiqamətində ardıcıl siyasət yürüdüb. Görünən odur ki, İran–Azərbaycan münasibətləri hazırda yüksələn xətt üzrə inkişaf edir. İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Araqçinin Azərbaycana səfərləri zamanı əldə olunan razılaşmalar bu əməkdaşlığın daha da möhkəmlənməsinə ciddi töhfə verəcək. Hər iki ölkənin siyasi rəhbərlikləri arasında son zamanlar artan təmaslar gələcəkdə daha geniş və dayanıqlı əlaqələrin formalaşmasına şərait yarada bilər".

 

Politoloq həmçinin qeyd edib ki, bu dinamikanın davamı olaraq ölkələr arasındakı iqtisadi əməkdaşlıq və ticarət dövriyyəsinin artacağı gözlənilir:

 

"İranın xarici işlər naziri də bəyan edib ki, İran Azərbaycan rəhbərliyini səfərə dəvət edib. Bu dəvət, xüsusilə də Azərbaycan səfirliyinə qarşı hücumdan sonra münasibətlərdə yeni səhifənin açılması baxımından önəmli addımdır. Bütün bu proseslər regionda dostluq, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşmasına, həmçinin yeni layihələrin reallaşmasına zəmin yarada bilər".

 

Xumar Emilqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər