00:00:00
Yazar
Admin User
14.11.2025 17:45 126 2 dəq oxuma
Siyasət

İran-Azərbaycan münasibətlərində yeni mərhələ

İran-Azərbaycan münasibətlərində yeni mərhələ

 

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə Ərdəbil valisi Məsud İmami Tehranda keçirilən görüşdə iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Görüşdə turizm, kənd təsərrüfatı, mədən sənayesi, nəqliyyat infrastrukturu və gömrük problemlərinin həlli kimi sahələrdə konkret əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər, həmçinin İran Prezidentinin Bakıya səfəri zamanı əldə olunan razılaşmaların tam icrasına xüsusi diqqət çəkiblər və yeni mərhələyə daxil olan ikitərəfli münasibətlərin davamlı inkişafının vacibliyini vurğulayıblar.


Mövzu ilə bağlı politoloq Hikmət Babaoğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə Ərdəbil vilayətinin valisi Məsud İmami arasında keçirilən görüş, şübhəsiz ki, İran-Azərbaycan münasibətlərinin yeni keyfiyyət mərhələsinin bir hissəsi kimi qiymətləndirilməlidir:


"Son dövrlərdə bu iki ölkə arasında münasibətlərdə yeni bir mərhələyə qədəm qoyuruq. İran Prezidentinin, çox hörmətli cənab Məsud Pəzeşkiyanın Azərbaycana səfərindən sonra İran-Azərbaycan əlaqələrində yeni perspektiv imkanlar yaranıb. Biz əslində çoxdan baş verməli olan bir prosesin şahidiyik. Təəssüf ki, 44 günlük müharibə zamanı İranın Ermənistanı dəstəkləməsi bu münasibətləri ən gərgin nöqtəyə gətirib çıxarıb, amma hər iki xalqın iradəsi bu gərginliyin daha da artmasına imkan vermədi. İranda yaşayan soydaşlarımız milli iradənin daşıyıcılarıdır. Belə görüşlər təbiidir və bu, tarixi, coğrafi və iqtisadi ortaq maraqlardan irəli gəlir. İran bu gün sanksiyalar altında yaşadığı üçün, Azərbaycanla iqtisadi əlaqələrin genişlənməsinə ehtiyac duyur.Ərdəbil, Azərbaycanın tarixi şəhərlərindən biridir. Əsrlərdir ki, bu bölgədən şimala, Azərbaycanın müxtəlif bölgələrinə ticarət karvanları hərəkət edib. Bu baxımdan, Ərdəbil ilə Azərbaycanın hər hansı bir şəhərinin qardaşlaşması məsələsi də bu görüşdə gündəmə gəlib".


Politoloq qeyd edib ki, Ərdəbil bizim mənəvi paytaxtlarımızdan biridir:

 

"İstər Bakı, istərsə də digər şəhərlərimiz bu qardaşlaşma üçün uyğundur, çünki Ərdəbil təkcə coğrafi yox, həm də mədəni və mənəvi baxımdan bizə yaxındır. Səfəvilər imperiyasının ideoloji və dini mərkəzi olan bu şəhər, tarix boyu xalqımızın yaddaşında xüsusi yer tutub. Ərdəbil, adından da göründüyü kimi, ərənlər yurdu olub və bu gün də bizim ürəyimizdə xüsusi yerə sahibdir. Ona görə də Ərdəbilin istənilən Azərbaycan şəhəri ilə rəsmi qardaşlaşması millətimizin birliyini daha da möhkəmləndirəcək. Bu tarixi bağların rəsmiləşməsi isə sadəcə zaman məsələsidir".


Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər