İran diplomatik danışıqlar üçün ABŞ-yə etibar etmir
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İsrailin ölkəsinə qarşı hücumları ilə başlayan qarşıdurmaları diplomatiya yolu ilə bitirməyə maraqlı olmadığını bildirərək deyib: “Artıq onlara necə etibar edə biləcəyimizi bilmirik. Onların etdiyi şey diplomatiyaya xəyanət idi”.
Əraqçi İsveçrənin Cenevrə şəhərində Avropalı yüksək səviyyəli rəsmilərlə keçirdiyi görüşlərdən sonra ABŞ-nin NBC News media qurumuna verdiyi müsahibədə, ABŞ ilə diplomatik həll üçün masaya oturmağın çətinləşdiyini bildirib.
O, Tehran ilə Vaşinqton arasında 15 iyun tarixində keçirilməsi planlaşdırılan nüvə danışıqlarından cəmi bir neçə gün əvvəl İsrailin İrana hava hücumları təşkil etdiyini xatırladaraq, diplomatik danışıqlar üçün artıq ABŞ-yə etibar edib-etməyəcəklərindən əmin olmadıqlarını vurğulayıb.
Əraqçi qeyd edib ki, ABŞ diplomatiyaya maraq göstərmir və nüvə danışıqlarını “İsrailin hava hücumunu ört-basdır etmək” üçün istifadə edir. O əlavə edib: “Artıq onlara necə etibar edə biləcəyimizi bilmirik. Onların etdiyi şey diplomatiyaya xəyanət idi”.
İranlı nazir Əraqçi ölkəsinin danışıqlara hazır olduğunu, lakin bunun üçün İsrailin hava hücumlarının dayanmasının vacib olduğunu bildirib.
TRT XƏBƏR
Lalə Qurbanlı