İran Həması dəstəklədiyini elan etsə də, proseslərdə iştirak etməyəcək
"Yəmən parçalanmış bir vəziyyətdədir. Bu gün daha Yəmən dövləti anlayışı yoxdur. Yəmənin bir hissəsi İranın da müdafiə etdiyi, silahlandırdığı üsyançı husilərdən ibarətdir".
Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Natiq Miri söyləyib. Politoloqun sözlərinə görə, bunlar Müharibə elan edən İranın istifadə etdiyi "proxy" qüvvələrdir.
“Ancaq Yəmənin bütün ərazisi bu üsyankarların əlində cəmləşməyib. Buna görə də bunu bir dövlətin İsrailə müharibə elan etməsi kimi ciddi qəbul etmək lazım deyil. Hələki heç bir dövlət bu prosesdə birbaşa iştirak etmir. Hətta İran belə Həması dəstəklədiyini elan etsə də, tam şəkildə iştirak etmir və etmək də istəməyəcək. Çünki qarşısında Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri kimi böyük güclər var”.
Politoloq deyir ki, İranın da öz təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqları var.
“Ancaq terrorçu, muzdlu qüvvələrdən istifadə edəcək. Yəni, iştirak etmir, ancaq bu qüvvələri maaliyyələşdirən, prosesə müdaxilə edən, əmr verən İrandır".
Bəs, müharibəyə başqa dövlətlər də qoşula bilərmi?
Natiq Miri deyir ki, İsrail və Həmas müharibəsində hansısa başqa dövlətin iştirak edəcəyini düşünmək üçün hələ tezdir.
"Bu gün İran Suriyada ciddi şəkildə yerləşib, oradakı Əsəd rejimini müdafiə edir. Suriyanın da İsraillə ciddi problemləri var. Buna rəğmən Suriya müharibəyə birbaşa müdaxilə etmir. Ancaq Suriyada İranın silahlandırdığı, istifadə etdiyi terrorçu qüvvələr mövcuddur. Onlar müəyyən zamanlarda İsrail ərazisinə raketlər atacaq, canlı qüvvələri bu müharibədə iştirak edə biləcək.Yəni, İran və ya Yaxın Şərqdəki Ərəb ölkələri özü birbaşa,rəsmi şəkildə bu prosesdə deyil. Bu gün Həmas və İsrail ordusu üz-üzədir".
Nəzrin Mirzəyeva
