İran ilə ABŞ arasındakı nüvə danışıqları Romada davam edəcək
İran ilə ABŞ arasındakı nüvə danışıqlarının beşinci turunun 23 may tarixində Romada keçiriləcəyi bildirilib.
İran ilə ABŞ arasındakı nüvə müzakirələrinə vasitəçilik edən Ummanın Xarici İşlər Naziri Bədr bin Həmid əl-Busaidi "X" sosial şəbəkəsində paylaşım edərək, “İran-ABŞ danışıqlarının 5-ci turu 23 may Cümə günü Romada keçiriləcək”, – deyə açıqlayıb.
Nüvə danışıqları davam etdiyi bir vaxtda, Tehranın uranı zənginləşdirmə fəaliyyəti iki ölkə arasında əsas fikir ayrılığı olaraq qalmaqda davam edir.
İran, nüvə proqramının atom bombası istehsalına imkan verməyəcək şəkildə məhdudlaşdırılması müqabilində sanksiyaların aradan qaldırılmasını istəyir.
ABŞ rəsmiləri əvvəlki bəyanatlarında Tehranın aşağı səviyyədə uranı zənginləşdirməsini qəbul edə biləcəklərini bildirsələr də, son zamanlarda İranın bütün səviyyələrdə zənginləşdirmə fəaliyyətini dayandırmasını tələb etdiklərini qeyd edirlər.
İranın Xarici İşlər Naziri Abbas Ərakçi isə ABŞ-nin danışıqlarda Tehranın uranı zənginləşdirmə fəaliyyətini tamamilə dayandırması tələbindən sonra beşinci tur danışıqlarda iştirak edib-etməməyə hələ qərar vermədiklərini söyləyib.
Tərəflər indiyədək Ummanın vasitəçiliyi ilə 4 tur danışıqlar aparıblar.
TRT Xəbər
Nuray Əliyeva