00:00:00
Yazar
Aysel Mirzəyeva
05.03.2026 21:48 18 3 dəq oxuma
Siyasət

"İran-İsrail qarşıdurması regionu genişmiqyaslı risklə üz-üzə qoyur" - ŞƏRH

"İran-İsrail qarşıdurması regionu genişmiqyaslı risklə üz-üzə qoyur" - ŞƏRH

İran rəsmilərinin İsrail səfirlikləri ilə bağlı sərt açıqlamaları iki ölkə arasında onsuz da yüksək olan gərginliyi daha da dərinləşdirib. Hadisələr regionda təhlükəsizlik risklərinin artması fonunda beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, İranın bu bəyanatını ümumi qarşıdurma kontekstindən ayrı qiymətləndirmək düzgün olmaz:

 

“İranın İsrailə qarşı səsləndirdiyi son təhdidlər əslində uzun illərdir davam edən qarşılıqlı düşmənçilik siyasətinin növbəti mərhələsidir. Burada təkcə İranın ritorikasından söhbət getmir. İsrail tərəfi də İranı davamlı şəkildə regionda sabitliyi pozan aktor kimi təqdim edir, onu terror şəbəkələrini dəstəkləməkdə ittiham edir. Qarşılıqlı ittihamlar, bir-birini beynəlxalq hüququ pozmaqda suçlamalar və aşağılayıcı siyasi ritorika münasibətləri bu nöqtəyə gətirib çıxarıb. Bu, artıq diplomatik mübahisə mərhələsini keçib və təhlükəli hərbi-siyasi fazaya yaxınlaşıb. İsrail bu təhdidlərə qarşı maksimum təhlükəsizlik tədbirləri görmək xəttini seçib. İsrail dövləti öz təhlükəsizliyini prioritet elan edib və bunun üçün mümkün olan bütün alətlərdən istifadə edir. ABŞ ilə sıx koordinasiya şəraitində İranın hərbi və strateji obyektlərinə qarşı zərbələr endirilir. Bu, preventiv təhlükəsizlik doktrinasının davamıdır. Yəni İsrail potensial təhlükəni gözləmək əvəzinə onu qabaqlamağa çalışır. Bu isə qarşı tərəfin də cavab reaksiyasını qaçılmaz edir və nəticədə spiralvari eskalasiya yaranır”.

 

Həşim Səhrablı vurğulayıb ki, proses artıq region ölkələrinə də birbaşa təsir göstərməkdədir:

 

“Gərginlik artdıqca zərbələrin coğrafiyası genişlənir və risklər artır. Region ölkələri, o cümlədən Azərbaycan, açıq şəkildə tərəf olmadıqlarını bildirsələr də, təhlükəsizlik mühiti zəifləyir. Naxçıvan istiqamətində baş verən hadisələr göstərdi ki, emosional və sürətli qərarlar sivil infrastruktura qədər uzana bilir. Bu isə beynəlxalq humanitar hüququn pozulması riskini artırır. Əsəblər tarıma çəkildikcə rasional qərarvermə zəifləyir və səhv addımların ehtimalı yüksəlir. Hazırkı mərhələdə tərəflər daha çox qarşı tərəfi çəkindirmək məqsədilə güc nümayiş etdirirlər. İran da öz növbəsində proksi qüvvələr və regional təsir imkanları vasitəsilə cavab vermək potensialına malikdir. Bu isə münaqişənin yalnız iki ölkə ilə məhdudlaşmayacağını göstərir. Livan, Suriya, İraq və digər istiqamətlərdə gərginlik artarsa, qarşıdurma daha geniş coğrafiyanı əhatə edə bilər. Yaxın Şərqdə gələcək geosiyasi balans münaqişənin nəticəsindən asılı olacaq. Əgər ABŞ və İsrail hərbi üstünlük əldə edərsə, regionda təhlükəsizlik arxitekturası onların maraqlarına uyğun şəkildə yenidən qurula bilər. Əks halda, İran müqavimət potensialını qoruyub saxlayarsa və geri çəkilməzsə, balans daha mürəkkəb və çoxqütblü formada formalaşacaq. Bu isə uzunmüddətli qeyri-sabitlik deməkdir. Hazırda əsas məsələ tərəflərin nə qədər tez diplomatik kanallara qayıdacağıdır. Əgər siyasi dialoq bərpa olunmasa, hərbi ritorika real toqquşmaların miqyasını daha da böyüdə bilər. Bu isə artıq təkcə İran və İsrail üçün deyil, bütün region üçün ağır nəticələr vəd edir”.


Ayşə Müzəfərli

#"i̇ran-i̇srail #qoyur" #üz-üzə #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər