İran İsraili raket atəşinə tutmağa başlayıb
İran Silahlı Qüvvələri İsrail ərazisinə yeni raket zərbələri endirməyə başlayıb.
Bu barədə İranın dövlət teleradioşirkəti (IRIB) xəbər yayıb.
Qeyd edək ki, bu gün SEPAH-a İsrailə və ABŞ-nin regiondakı bazalarına "genişmiqyaslı hücum" başlatdığını elan edib.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, SEBAH vasitəsilə İsrailə raket hücumlarının başlanılması gözlənilən addımlardandır:
“ Belə ki, dünən İsrailin başlatdığı əməliyyat, baxdıqda, olduqca ciddi nəticələrə gətirib çıxarıb. İranın dini lideri, o cümlədən, İran ordusunun rəhbərliyi tamamilə sıradan çıxarılıb, aradan götürülüb. Bu isə İranın faktiki olaraq başsız qalması anlamına gəlir.
Doğrudur, bunun ardınca İran rəsmilərindən, o cümlədən SEBAH-dan yenə hədələyici xəbərdarlıqlar gəlməkdədir və bu addımların qisasının alınacağı qeyd olunur. Bütün bunlar, şübhəsiz ki, müəyyən addımlarla müşayiət olunacaq.
Görünən odur ki, 44 günlük müharibədən sonra da İran tərəfinin ciddi zəif tərəfləri mövcud olub və İsrail kəşfiyyatı bundan istifadə edərək dəqiq zərbələrlə İranın ali rəhbərliyini sıradan çıxara bilib.
SEBAH-ın İsrailə və o cümlədən ABŞ-nin regiondakı hərbi bazalarına hücumlarına gəldikdə, əlbəttə ki, müəyyən nəticələr var. Lakin bu, hələlik çox ciddi nəticələrə gətirib çıxarmayıb. Qətərdə ABŞ-nin radiolokasiya və hava hücumundan müdafiə sisteminin sıradan çıxarılması isə ciddi hadisə hesab olunur. Bir milyard dollar dəyərində qiymətləndirilən bu sistemin vurulması mühüm addım kimi qiymətləndirilir”.
Əlavə olaraq politoloq bildirib ki,
Donald Trampın dünənki açıqlamaları və əgər İranın raket hücumları davam edərsə, daha sərt addımların atılacağı ilə bağlı bəyanatları da nəzərə almaq lazımdır:
“Görünən odur ki, hələlik tərəflər öz imkanlarından tam şəkildə istifadə etmirlər. Belə ki, ABŞ-nin bölgədə cəmləşdirdiyi qüvvələr kifayət qədər ciddidir. Hədəf olacaq bölgələrə gəldikdə isə, əslində hədəflər artıq bəllidir. İran Qətər və İraq ərazisindəki Amerikanın hərbi bazalarına, eyni zamanda bu ölkələrdə müəyyən obyektlərə zərbələr endirdiyini bildirdi. Xüsusilə, Dubaydakı “Ərəb” otelinin vurulması anlaşılan deyil. Bu, mülki obyektdir və hansısa bəhanədən asılı olmayaraq mülki obyektin vurulması hesab olunur.
Əslində İranın bu addımı regional ölkələrdə İrana qarşı neqativ əhval-ruhiyyənin artmasına gətirib çıxara bilər. Baxmayaraq ki, bu ölkələrin hamısı ABŞ və İran arasında müharibənin başlanmasının əleyhinə idilər, onların ABŞ-nin qərarlarına mane olmaq imkanları yoxdur. İran bu addımı atmaqla həmin ölkələri də özünə qarşı mövqeyə yönəldən olub.
Müharibə davam edəcəyi halda, düşünmürəm ki, regionda hansısa ciddi bloklaşma baş versin. Hazırda ABŞ-nin başçılıq etdiyi əməliyyata mane olacaq ciddi qüvvələr görünmür. İranın yaxın tərəfdaşları olan Rusiya və Çindən də hələlik təsirli və kəsərli addımlar müşahidə edilmir. ABŞ qısa müddətdə müharibəni bitirməyə çalışacaq, İran isə prosesi daha uzun müddətə yaymağa cəhd göstərəcək”.
Səadət Əlizadə
