"İran körfəzində yerləşən Hörmüz boğazı bağlana bilər" - ŞƏRH
Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, şiə təşkilatı Hizbullah və İsrail düşmənçilikləri dayandırmalıdır.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Makronun tərəfləri atəşkəsə çağırmasının səbəbi İrana endirilən zərbələr fonunda Hizbullah və İsrail arasında qarşıdurmanın daha da şiddətlənməsidir və bu da həmin zərbələrin yan təsiri kimi qiymətləndirilə bilər:
“Bu nəticə etibarilə bölgədə eskalasiya riski yaradır. Münaqişə genişlənə bilər. Münaqişə genişləndikcə onun fəsadları da ağırlaşa bilər. Bura bir çox nüansları daxil etmək mümkündür. Məsələn, münaqişə uzanar və nəticələr daha da pisləşər. Tərəflər bir-birlərinə daha öldürücü zərbələr vura bilərlər. İran körfəzində yerləşən Hörmüz boğazı bağlana bilər. Hizbullah artıq qruplar şəklində və ya ümumilikdə İsrail sərhədlərini poza bilər. Bu isə həm sivil itkilərə, həm də İsrailin dövlət təhlükəsizliyi baxımından ciddi problemlərə səbəb ola bilər. Belə bir vəziyyət ABŞ-nin öz müttəfiqini qorumaq üçün daha radikal və sərt addımlar atmasına gətirib çıxara bilər və nəticədə hesablanması çətin olan proseslər baş verə bilər. Bu isə qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər. Makron da hesab edir ki, Yaxın Şərq elə bir regiondur ki, burada həm ABŞ, həm Fransanın özü, həm də digər Qərb dövlətləri böyük iqtisadi maraqlara malikdir. Münaqişənin genişlənməsi bu maraqların risk altına düşməsi deməkdir. Digər tərəfdən Avropanın təhlükəsizliyi baxımından da bu məsələ mühüm əhəmiyyət daşıyır. Çünki Yaxın Şərqdə gərginlik artdıqca ABŞ bütün diqqətini bu regiona yönəldə bilər və bu halda Ukrayna məsələsi diqqətdən kənarda qala bilər. Ukrayna məsələsi isə bu gün Fransa üçün Yaxın Şərqdən daha vacib hesab olunur. Çünki Ukraynada Rusiya təhlükəsi mövcuddur. Dünyanın ən böyük ordularından birinə malik olan Rusiya sürətlə hərbiləşir və iqtisadiyyatını hərbi iqtisadiyyat modelinə uyğunlaşdırır. Fransa tərəfi hesab edir ki, Avropanın təhlükəsizliyi baxımından Ukrayna məsələsi daha prioritetdir və bu səbəbdən Yaxın Şərqdə eskalasiyanın qarşısının alınması vacibdir”.
Politoloq əlavə edib ki, əgər İsrail və Hizbullah arasında baş verən hazırkı lokal toqquşmalar gələcəkdə genişmiqyaslı müharibəyə çevrilərsə, bu tərəflər arasında daha dağıdıcı qarşıdurmaya səbəb ola bilər:
“Əvvəllər tərəflərə müəyyən təsir göstərmək mümkün idi. Lakin hazırda həm İranın zərbələrə məruz qalması, həm də İsrailin İran tərəfindən raket hücumlarına məruz qalması regionda ciddi qeyri-müəyyənlik yaradıb. Bu şəraitdə Hizbullahı və ya İsraili sakitləşdirə biləcək aktorların imkanları da məhdudlaşır. İsraili müəyyən mənada təsir altında saxlaya bilən əsas dövlət ABŞ-dir və hazırda o da regionda hərbi əməliyyatların içərisindədir. Bu səbəbdən münaqişə nəzarətdən çıxaraq daha böyük dağıntılar və ağır nəticələr doğura bilər. Mən düşünmürəm ki, İsrail tərəfi Makronun çağırışına ciddi şəkildə reaksiya verəcək. Çünki hər bir dövlət öz maraqlarına uyğun qərar verir. Fransa da öz maraqları çərçivəsində bu çağırışı edib. İsrail isə bu gün əsasən həm Hizbullahı, həm də İranın dəstəklədiyi digər qrupları zərərsizləşdirməyə çalışır. Hətta mümkün olarsa, İranda mövcud siyasi rejimin dəyişdirilməsi və İsrail üçün daha münasib bir siyasi mühitin formalaşdırılması məqsədi də gündəmdədir. Bu məqsədlərə tam nail olunmasa belə, İsrail ən azından hazırkı rejimin dəyişməsi və ya neytral bir hakimiyyətin formalaşması istiqamətində nəticə əldə etməyə çalışır. Buna görə də İsrail yalnız öz maraqlarına uyğun müəyyən nəticələr əldə etdikdən sonra atəşkəsə razılaşa bilər”.
Günel Əlili