İran ölkədəki “İsrail agentlərinə sabaha qədər təslim olun” çağırışı edib
İranın Ali Milli Təhlükəsizlik Şurası, İsraillə əməkdaşlıq edən şəxslərə sabaha qədər təslim olma çağırışı edərək, bundan sonra həmin şəxslər barəsində ən ağır cəzaların tətbiq olunacağını bildirib.
Şuranın Baş Katibliyi tərəfindən yayımlanan yazılı açıqlamada qeyd olunur: “İsrail tərəfindən aldadılan, bilərəkdən və ya bilmədən sionist rejimlə hər hansı əlaqə qurmuş şəxslər, əgər özlərini 1 Tir (22 iyun) tarixində səlahiyyətli orqanlara bildirsələr, İslam əfv qanunu çərçivəsində cəzadan azad oluna bilərlər”.
Açıqlamada vurğulanıb ki, bu tarixdə təslim olmayanlar müharibə şəraitində düşmənlə əməkdaşlıq edən “beşinci kolon” sayılacaq və bu şəxslərə casusluq və ya hərbi əməkdaşlıq ittihamı ilə ən ağır cəzalar veriləcək.
Xüsusilə pilotsuz uçuş aparatları (PUA), rabitə cihazları, silah və digər hərbi avadanlıqla tutulan şəxslərlə bağlı dərhal tədbir görüləcəyi bildirilib.
İsrail agentlərinin “mini dron” və partlayıcı qurğular istehsal edib yığdıqları sexlərin İranın müxtəlif şəhərlərində aşkar edildiyi qeyd olunub. Dövlət televiziyası həmin sexlərə edilən basqınların görüntülərini yayımlayıb. Başda Tehran olmaqla, bəzi şəhərlərdə İsrail adından fəaliyyət göstərən bir çox şəxsin saxlanıldığı bildirilib.
TRT HABER
Solmaz Muradova