İran tamamilə çökür- Tramp
“İran tamamilə çökür".
Bu barədə ABŞ Prezidenti Donald Tramp sosial mediada yazıb. Amerika lideri əlavə şərh verməyib.
Donald Tramp bu barədə İrana qarşı sərt iqtisadi sanksiyaları elan etməzdən əvvəl yazıb. ABŞ maliyyə naziri Skott Besentin bu gün bu barədə geniş açıqlama verəcəyi gözlənilir.
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın bu açıqlamasına, onun son dövrlərdə dəyişən ritorikasını nəzərə almaqla yanaşmaq lazımdır:
“Trampın bəzən saatlar əvvəl dediyi sözlə saatlar sonra dediyi söz arasında çox ciddi ziddiyyətlər ortaya çıxır. İrandakı vəziyyəti isə mənə elə gəlir ki, yalnız Trampın dedikləri ilə analiz etmək və ya onun sözləri əsasında nəticəyə gəlmək bizi yanlışlığa sürükləyə bilər. Çünki iki düşmən ölkədən, bir-birinə zərbə vurmağa çalışan iki rəqib ölkədən danışırıq. Təbii ki, Tramp düşmən elan etdiyi ölkənin rəhbərliyini və oradakı hakimiyyəti tərifləyəsi deyildi. Əksinə, həm daxili auditoriyaya, həm də tərəfdaşlarına istiqamətlənən, İranı daha zəif və daha aciz göstərən açıqlamalar verməli idi. Ancaq bu, o demək deyil ki, Tramp tamamilə yalan deyir, İran çox güclüdür, İran ABŞ-ni məğlub edə bilər və s. Xeyr. Məsələyə qüvvələr balansı baxımından yanaşsaq, əlbəttə ki, İran ABŞ-dən xeyli zəifdir və bir çox göstəricilərdə ciddi gerilik yaşayır”.
Ekspert həmçinin bunu da qeyd edib ki, bu yanaşma özü də yanlışlığa sürükləyə bilər:
“ABŞ-nin qüvvələr balansındakı üstünlüyü o demək deyil ki, Vaşinqton bütün qüvvələrini Yaxın Şərqdə cəmləşdirə və İrana bütün imkanları ilə zərbə endirə bilər. Biz bu suala yalnız bölgədəki reallıqları nəzərə alaraq cavab verə bilərik. Bölgədəki reallıq isə onu deməyə əsas verir ki, ABŞ-nin və digər dövlətlərin hesablamalarında müəyyən yanlışlıqlara yol verilib. Əgər onlar hesablayırdılarsa ki, İranı qısa zamanda məğlub edə və ya orada hakimiyyət dəyişikliyi həyata keçirə bilərlər, nəticə etibarilə gördük ki, bu hesablamalar yanlış çıxdı. İranda nəinki hakimiyyət dəyişmədi, əksinə, rejimin mövqeyi qorunub saxlanıldı. Sadəcə olaraq, ABŞ öz gücünün, hərbi imkanlarının və texniki arsenalının üstünlüyündən istifadə edərək İrana çox ciddi zərbələr vurub. Ancaq bu, İranın dağılması deməkdirmi? Əlbəttə ki, xeyr. Çünki rejim hələ də hakimiyyətdədir, ölkəyə tam nəzarət edir. Dövlət sistemləri yenə də İran rejiminin əlində cəmləşib. Rejimin diqqətindən və nəzarətindən kənar ölkədə heç bir ciddi siyasi qərar qəbul edilmir və siyasi addım atılmır. Trampın bu açıqlaması, mənə elə gəlir ki, təbliğat xarakterlidir və İranı danışıqlara məcbur etməkdən ziyadə, həm öz müttəfiqlərinə “mən daha güclüyəm, narahat olmayın” mesajı vermək, həm də İranı dəstəkləyən ölkələrə Amerikanın reallığının mövcud olduğunu və İranı dəstəkləməyin bu reallığı nəzərə almamaq anlamına gəldiyini göstərmək mahiyyəti daşıyır”.
Güllər Gülhüseynova