00:00:00
Yazar
Zəhra Həsənova
30.07.2026 00:00 18 2 dəq oxuma
Siyasət

İran və Oman Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı danışıqlar aparır

İran və Oman Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı danışıqlar aparır

İran və Oman Hörmüz boğazında gəmiçiliyin tam bərpası istiqamətində danışıqları davam etdirir. “Bloomberg” agentliyinin məlumatına görə, tərəflər gəmilərin təhlükəsiz keçidini təmin edəcək orta dəhlizin yenidən istifadəyə verilməsi imkanlarını müzakirə edirlər. Bunun üçün bölgədə yerləşdirildiyi iddia olunan dəniz minalarının təmizlənməsinin zəruri olduğu bildirilir. Böyük Britaniya, Fransa və digər Avropa ölkələri təhlükəsizlik şəraiti imkan verərsə, mina təmizləmə əməliyyatlarına dəstək verməyə hazır olduqlarını bəyan ediblər. Danışıqlarda İran və Omanla yanaşı, Qətər, Pakistan, Misir, eləcə də ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner iştirak edirlər.

Mövzu ilə bağlı politoloq Zeynal  Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İran və Oman arasında Hörmüz boğazında gəmiçiliyin bərpası istiqamətində aparılan danışıqlar Yaxın Şərqdə mövcud olan geosiyasi gərginliyin səviyyəsinin aşağı salınmasında və regional sabitliyin bərpasında mühüm dönüş nöqtəsi rolunu oynaya bilər:

 

“Strateji əhəmiyyət daşıyan bu su yolunda təhlükəsizliyin təmin olunması və dəniz minalarının təmizlənməsi istiqamətində atılan addımlar regionda hərbi qarşıdurma riskini azaldır və tərəflər arasında diplomatik dialoqun bərpasına zəmin yaradır. ABŞ Prezidentinin xüsusi nümayəndələrinin, eləcə də Böyük Britaniya və Fransa kimi Avropa dövlətlərinin bu prosesə qoşulması və mina təmizləmə əməliyyatlarına dəstək verməyə hazır olmaları İran ilə Qərb arasında uzun müddətdir davam edən dərin inamsızlıq mühitində konstruktiv təmasların və praktiki əməkdaşlığın mümkünlüyünü nümayiş etdirən güclü siyasi mesaj verir. Bu cür çoxtərəfli formatların yaranması gərginliyin hərbi müstəvidən diplomatik müstəviyə keçməsinə şərait yaradır. Əgər bu danışıqlar uğurla nəticələnərsə və Hörmüz boğazında gəmiçilik tam bərpa olunarsa, bu, qlobal enerji bazarında qiymətlərin sabitləşməsinə, neft təchizat zəncirlərinin normallaşmasına və qlobal miqyasda inflyasiya təzyiqlərinin zəifləməsinə birbaşa müsbət təsir göstərəcəkdir. Eyni zamanda, region ölkələrinin iqtisadi maraqları baxımından ticarət yollarının açılması, logistik xərclərin azalması və iqtisadi fəallığın bərpası bütün Yaxın Şərq dövlətlərinin dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir”.

 

Fatimə Hüseynli

#azərbaycan #yeni #gəmiçiliyin #danışıqlar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər