İran və Tacikistan arasında məsləhətləşmələr
İranın xarici işlər naziri Abbas Əraqçi Tacikistana rəsmi səfərə başlayıb. Səfər çərçivəsində o, Tacikistan Prezidenti Emomoli Rəhmon və digər yüksək səviyyəli rəsmilərlə görüşərək, iki ölkə arasında münasibətlər və regional proseslərlə bağlı məsləhətləşmələr aparacaq. Məlumatı İranın “Mehr” agentliyi yayıb.
Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Tacikistanla İran arasındakı münasibətlər düzxətli və stabil deyil:
"Açığı, Tacikistan sivilizasiya baxımından, xüsusilə son 100 ildəki yaşam tərzinə görə, Türküstandan qoparaq bir növ Rusiya müstəmləkəsinə çevrilib. Hazırda da digər ölkələrlə müqayisədə Rusiyadan daha çox asılı vəziyyətdədir.
Bununla belə, etnik və dini baxımdan Tacikistan İranla müəyyən bağlılıqlara sahibdir. Bu ölkə Orta Asiyanın strateji nöqtələrindən biri olduğu üçün İranın bölgəyə genişlənmə planlarında Tacikistan həmişə mühüm rol oynayıb. Amma İranın bu təsirini birbaşa meydanda və açıq şəkildə müşahidə etmək mümkün olmayıb.
İmamali Rəhman, xüsusilə əvvəlki İran hakimiyyətləri dövründə, ölkədə müəyyən dini cərəyanlara, o cümlədən şiə təsirlərinə qarşı addımlar atıb. Hətta o, bu məsələlərdə sərt və qətiyyətli mövqe nümayiş etdirib.
Hazırda İranla Tacikistan arasında əməkdaşlıq sahələri daha çox təhsil, mədəniyyət, hərbi yardım və ticarət yollarının diversifikasiyası istiqamətində inkişaf edir. Hərçənd bu iki ölkə bir-birinə coğrafi baxımdan yaxın deyillər və birbaşa sərhədləri yoxdur, amma eyni etnik-mədəni köklərə malik olmaları müəyyən əlaqələrin mövcudluğunu təmin edir.
Bununla belə, Tacikistanın geosiyasi balansda ciddi rol oynayacağı qənaətinə gəlmək çətindir. Çünki Tacikistan özü kiçik ölkədir və ətrafında daha böyük qonşular – Özbəkistan, Türkmənistan və xüsusilə Çin yerləşir. Tacikistanın Çinlə qonşuluğu onu İran üçün strateji baxımdan maraqlı edir.
Əgər İran bu bölgədə, xüsusilə Tacikistanda daha aktiv təmsil olunarsa, qeyd olunan proseslər daha görünən ola bilər. İranın Orta Asiyada artırdığı diplomatik fəallıq, paralel olaraq, Azərbaycan və türk dövlətlərinin yaratdığı Ordu və Türk Dövlətləri Təşkilatı kimi birliklərə də mənfi təsir göstərir. İran da buna cavab olaraq bölgədə öz etnik bağlılığı olan qrupları səfərbər etməyə çalışır. Artıq bu qrupların kim olduğu da məlumdur – onlar İranla etnik və dini bağlara malik olan icmalardır".
Xəlilli Nigar