00:00:00
Yazar
Güllər Gülhüseynova
25.02.2026 21:34 46 2 dəq oxuma
Siyasət

İran xalqı üçün çox pis gün olacaq- Tramp hədələyir

İran xalqı üçün çox pis gün olacaq- Tramp hədələyir

“Qərarı mən qəbul edirəm, mən İranla razılaşma əldə etməməkdənsə, razılaşmanı üstün tuturam”.


Bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

 

"Əgər biz İranla nüvə proqramı ilə bağlı razılaşma əldə etməsək, bu ölkə və təəssüf ki, onun xalqı üçün çox pis bir gün olacaq. Çünki onlar böyük və gözəldirlər və onlara qarşı belə bir pis şey baş verməməlidir", - Tramp ABŞ-nin İrana qarşı hərbi əməliyyat ehtimalına toxunaraq qeyd edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İran və ABŞ arasında gərginlik artır və hər iki tərəf öz mövqeyini sərtləşdirir:

 

“ABŞ-nin İrana qarşı tələbləri, demək olar ki, sülh gündəliyindən daha çox İranın kapitulyasiyası üçün olan təkliflərə bənzəyir. Əgər əvvəllər dörd şərt- nüvə enerjisindən imtina, uranın zənginləşdirilməsinin dayandırılması, zənginləşdirilmiş uranın ölkədən çıxarılması və nəhayət, raket proqramının dayandırılması irəli sürülürdüsə, sonuncu Cenevrə danışıqlarından sonra yeni tələblərin də meydana çıxdığına şahid olduq. İran tərəfi üçün ən qəbulolunmaz yeni tələb isə SEPAH-ın tərksilah olunmasıdır. Bu gün İranın silahlı qüvvələrinin əsas zərbə qüvvəsinin SEPAH olduğunu hər kəs yaxşı bilir və SEPAH-ın tərksilah olması əslində, İran dini hakimiyyətinin demontaj olunması anlamına gəlir. Çünki İran dini teokratik rejim olsa da, xüsusilə Yaxın Şərqdəki geosiyasi ambisiyalarının, geosiyasi layihələrinin reallaşdırılmasında daha çox SEPAH və onun qurumlarından istifadə edərək bu prosesdə hansısa uğura və nəticəyə vara bilib. Bu tələblərin olması Amerikanın İrana irəli sürdüyü şərtlər, İranı sülh yolu ilə deyil, məhz şərtlərin ağırlığı səbəbindən İran üçün yeganə yolun müharibə variantı olduğu anlamına gəlir. İranın da bu günə qədərki atmış olduğu addımlar təklif olunan variantla heç bir halda razılaşmayacağına dəlalət edir. Ona görə də, müharibə qaçılmazdır. İstər Trampın açıqlamaları olsun, istər Amerika ordusunun Yaxın Şərqdə dəniz donanmasını və aviasiyasının sayını gündən-günə artırması olsun, bunlar siyasi təzyiqlər kimi görünsə də, bu, real müharibəyə hazırlıq ssenarisidir. O zaman ki, ABŞ artıq regionda istədiyi qədər canlı qüvvə və hərbi texnika cəmləşdirə biləcək, biz o mərhələdə İranın vurulması ilə bağlı komandanın verilməsinin də şahidi olacağıq. Çünki yenə qeyd etmək istəyirəm ki, tərəflər arasında uzlaşmadan daha çox toqquşma ssenarisi daha cəlbedici görünür. Tərəflər, xüsusilə də ABŞ İranın mövcud rejimi tamamilə dəyişməsini istədiyinə görə, İranın buna getməyəcəyi gün kimi aydındır. Bu baxımdan verilmiş bəyanat da, atılan addımlar da İrana qarşı növbəti hərbi əməliyyatların yaxın zamanlarda baş tutacağı ehtimalını günbəgün artırır”.

 

Lalə Qurbanlı

#olacaq- #yeni #xəbər #gündəm #gün
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər