00:00:00
Yazar
Zəhra Həsənova
25.06.2026 21:00 26 2 dəq oxuma
Siyasət

İran XİN: ABŞ müdaxiləsi davam etdikcə Yaxın Şərqdə sülh mümkün olmayacaq

İran XİN: ABŞ müdaxiləsi davam etdikcə Yaxın Şərqdə sülh mümkün olmayacaq

 

ABŞ və onun müttəfiqlərinin Yaxın Şərqə hərbi müdaxiləsi davam etdikcə regionda sülh və sabitliyin təmin olunması mümkün olmayacaq.

 

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai sosial şəbəkə hesabında paylaşım edib. O, açıqlamasında ABŞ dövlət katibi Marko Rubionun regiondakı vəziyyətlə bağlı fikirlərinə cavab verib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında uzun müddətdir davam edən gərginlik hazırda açıq hərbi qarşıdurma mərhələsində olmasa da, tərəflər arasında qarşılıqlı ittihamlar və sərt bəyanatlar fonunda münasibətlərdə gərgin atmosfer hökm sürməkdədir:

 

"Bu vəziyyətin yenidən silahlı toqquşmalara gətirib çıxarması ehtimalı qalır. Çünki tərəflər arasında mövcud olan əsas problemlər hələ də həllini tapmayıb. ABŞ-nin İrana qarşı əsas tələbləri zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi, uzaqmənzilli raket proqramının dayandırılması və Tehranın Yaxın Şərqdəki proksi qüvvələrə verdiyi dəstəkdən imtina etməsi ilə bağlıdır. Bundan başqa, Vaşinqtonun regionun enerji sektorunda, xüsusilə neft sahəsində təsir imkanlarını artırmaq istəyi də diqqət çəkən məqamlardan biridir. İran isə öz növbəsində ABŞ-dən bütün sanksiyaların qeyd-şərtsiz və birdəfəlik ləğv edilməsini tələb edir. Tehran, həmçinin, Vaşinqtonun İsrailə verdiyi dəstəyin dayandırılmasını, Yaxın Şərqdə İsrailin fəaliyyətlərinin məhdudlaşdırılmasını, zənginləşdirilmiş uran ehtiyatlarının ölkənin nəzarətində qalmasını və raket proqramına müdaxilə olunmamasını istəyir. Tərəflərin mövqeləri arasındakı ciddi fikir ayrılıqları və maraq toqquşmaları fonunda ABŞ və İran arasında yaxın perspektivdə hər hansı barışıq və ya tam normallaşmanın baş verəcəyi inandırıcı görünmür. Bu, olduqca mürəkkəb və uzunmüddətli prosesdir. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayinin son açıqlaması da Tehranın rəsmi mövqeyini əks etdirir. İran ənənəvi olaraq regionda baş verən gərginlik və qarşıdurmalara görə məsuliyyəti ABŞ-ın üzərinə qoyur. Ümumilikdə, 1979-cu il İslam İnqilabından sonra İran rəhbərliyi regionda və dünyada baş verən bir çox mənfi proseslərin əsas səbəbkarı kimi ABŞ-ni göstərib. Bəqayinin açıqlaması da məhz bu siyasi xəttin davamı kimi qiymətləndirilə bilər. Bütün bunlar onu göstərir ki, İran və ABŞ arasında münasibətlərdə ciddi dəyişiklik baş verməyib və iki ölkə arasında etimadın bərpası üçün hələ uzun yol qət edilməlidir".

Aişə Mustafayeva

#yeni #davam #xəbər #şərqdə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər