İran XİN Müctəba Xameneinin yaralandığını təsdiqləyib
İran XİN-dən bildirilib ki, İranın yeni Ali rəhbəri Müctəba Xameneinin ABŞ-İran aviazərbələri nəticəsində yaralandığı təsdiqlənib.
Məlumatda Müctəba Xameneinin özünü yaxşı hiss etdiyi də vurğulanıb.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, İranın yeni rəhbərliyi İsrail və ABŞ-yə qarşı daha sərt hərbi kurs nümayiş etdirəcək:
“Fevralın 28-də Amerika və İsrailin vurduğu dəqiq raket zərbəsi ilə İranın Ali dini rəhbəri Əli Xamenei və onun ailə üzvləri ölüblər. Eyni zamanda həmin raket zərbəsindən İranın hərbi rəhbərliyinin də bir çox üzvü, o cümlədən qırx nəfərə yaxın şəxsin ölməsi haqqında məlumat verilib. Həmin zaman Müctəba Xameneinin də ağır yaralanması haqqında informasiya gedir. Ancaq indi məlumdur ki, hansı xəstəxanada yatır, müalicə alır, vəziyyətinin yaxşı olduğu haqqında da həkimlərin rəyləri var. Pezeşkian da gedib onu görüb. Bundan qabaq da yeni seçilmiş Ali dini rəhbərin çıxışı var idi. Təbii ki, Müctəba Xamenei ailəsinin qanını yerdə qoyası deyil. O, Amerikaya və İsrailə öldürücü zərbə vuracaqlarını bildirir. Hələlik onun xəstəxanada müalicə aldığı bildirilir. Artıq Amerikanın hərbi naziri Hekset də bildirib ki, o yaralanıb. Tramp da öz çıxışında bildirib ki, yeni lider ağır yaralanıb, ancaq vəziyyətinin yaxşı olmadığı haqqında fikirlər söylənilir. Ancaq əldə olan məlumatlar onu göstərir ki, Xamenei yaralıdır, ancaq vəziyyəti sabitdir.
Zənnimcə, məhz Xameneinin Ali dini rəhbər seçilməsi İranın əvvəlki siyasi xəttinin davam etdirilməsi üçün atılan addımdır. Əli Xameneinin özü istəmirdi ki, onun oğlu onu davam etdirsin, ancaq İranın Ekspertlər Şurası onu seçiblər. Hesab edirəm ki, İran rejimi əvvəlkindən daha kəskin olaraq həm Amerikaya qarşı, həm də İsrailə qarşı ciddi reaksiyalar göstərəcəklər. Ona görə də, hələlik heç bir danışığın aparılmadığı haqqında da məsələlər müzakirə olunur”.
Ekspert qeyd edib ki, Azərbaycan və Türkiyə rəhbərliyi İran ətrafında qurulan təhlükəli provokasiyalara qarşı ehtiyatlı mövqe nümayiş etdirirlər:
“Əsas hərbi rəhbərlikdə cəmləşən müəyyən qüvvələr-həm prezident, həm də SEPAH və Bəsic rəhbərliyi Müctəba Xameneiyə sədaqət andı içərək İsrailə və ABŞ-nin İran körfəzindəki hərbi bazalarına qarşı raket zərbələri ilə müqavimət göstərirlər. Hesab edirəm ki, onun hazırda iş başında olmaması elə ciddi bir dəyişiklik göstəricisi deyil. Düşünürəm ki, yaxın zamanlarda o sağalacaq və İranı bu müharibədə məğlub olmağa qoymayacaq. Ancaq İrana çox böyük zərərlər vurulub. Görünən odur ki, Amerikanın, İsrailin istəyi indiki rejimi dəyişməkdir. Hazırki şəraitdə bunun real olmadığı görünür. Çünki bunun üçün Amerika və İsrail mütləq quru qoşunları yeridib müdaxilə etməlidirlər, bu da real görünmür. Çünki İran ordusu güclüdür. Ona görə də, müəyyən qüvvələr Azərbaycanı və Türkiyəni də bu müharibəyə qoşmaq istəyirlər, ancaq hər iki ölkənin rəhbərliyi bu provokasiyalara getmirlər”.

Lalə Qurbanlı