İran yeni nəsil nüvə mərkəzi inşa edəcək
Ölkə xarici düşmənlərin mümkün hücumlarına baxmayaraq, Natanz nüvə mərkəzindən üstün obyektlər inşa edəcək.
Bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
O əlavə edib ki, düşmən zərbələri infrastruktura zərər verə bilər, lakin İranın ən böyük sərvəti onun mütəxəssisləri və alimləri olaraq qalır.
“Düşmən bizim elmi nailiyyətlərimizi bombalaya bilər, lakin bu obyektləri tikən bizim mütəxəssislərimiz, alimlərimizdir və onlar ölkənin ən böyük sərvətidir”, - prezident vurğulayıb.
Mövzu ilə əlaqədar politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın açıqlamasına əsasən, ölkənin yeni tikməyi planlaşdırdığı nüvə obyekti Natanz mərkəzindən daha üstün olacaq:
"Bu üstünlük, ilk növbədə, texnoloji imkanların artırılması, daha müasir infrastrukturun qurulması və elmi potensialın səmərəli istifadəsi ilə bağlıdır. Yəni yeni obyekt təkcə istehsal gücü və təhlükəsizlik baxımından deyil, həm də mütəxəssislərin bilik və bacarıqlarını tətbiq etmək imkanları ilə fərqlənəcək. Digər tərəfdən, xarici hücum təhlükəsinə baxmayaraq İranın nüvə proqramını davam etdirməsinin əsas səbəbi ölkənin elmi və strateji müstəqilliyini qorumaqdır. Rəsmi Tehran üçün nüvə sahəsində inkişaf sadəcə enerji təminatı deyil, həm də milli gücün və texnoloji suverenliyin simvolu hesab olunur. Buna görə də, hücum riski olsa belə, İran alimlərinin və mütəxəssislərinin fəaliyyəti ölkənin gələcəyini təmin edən ən mühüm amil kimi qiymətləndirilir".
Aydan Məmmədova