İran zənginləşdirilmiş uranı xaricə köçürməyə açıqdır – İrəvani
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, əgər yeni razılaşma əldə olunarsa, Tehran 20 və 60 faiz zənginləşdirilmiş uran ehtiyatlarını digər ölkəyə ixrac etməyə və əvəzində yarımemal uran (sarı tort) almağa hazırdır.
O, Al-Monitor-a verdiyi yazılı açıqlamada bu prosesin yalnız təkliflərin detalları və yekun razılaşmanın şərtlərindən asılı olduğunu bildirib. İrəvani qeyd edib ki, bu məsələ İran üçün "qırmızı xətt" deyil.
Diplomatın sözlərinə görə, belə bir praktika daha əvvəl İran və Rusiya arasında "Birgə Hərtərəfli Fəaliyyət Planı" (JCPOA) çərçivəsində də həyata keçirilib. Alternativ olaraq, zənginləşdirilmiş uran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında ölkə daxilində də toplana bilər.
İrəvani həmçinin İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) əsaslanan haqlarından istifadə etdiyini, nüvə enerjisindən yalnız dinc məqsədlərlə istifadə etdiyini vurğulayıb. O bildirib ki, İran regional əməkdaşlıq ideyasına da açıqdır və nüvə təhlükəsizliyi üzrə konsorsiumlara dəstək verməyə hazırdır.
Eyni zamanda, İran rəsmisi Qərb investisiyalarına qarşı olmadıqlarını, lakin bu məsələnin siyasi təzyiq vasitəsinə çevrilməsinə qarşı çıxacaqlarını söyləyib. İrəvani xüsusilə vurğulayıb ki, İranın raket proqramı danışıqlar mövzusu ola bilməz.
İsraillə yaşanan son gərginlik fonunda çıxış edən diplomat bildirib ki, İranın hərbi çəkindirici gücü sayəsində qarşı tərəf atəşkəsə məcbur olub. Onun sözlərinə görə, bu güc ölkənin təhlükəsizliyinin təminatıdır.
Mənbə: Haber Global
Türkan Kərimli