00:00:00
Yazar
Admin User
19.11.2025 18:50 224 3 dəq oxuma
Siyasət

İranda ağır vəziyyət

İranda ağır vəziyyət

Əhalinin gündəlik qayğılarının artdığı bir vaxtda molla rejimi daxili problemləri həll etmək əvəzinə büdcəni xarici müdaxilələrə yönəldir.

Silahlı qruplaşmaların maliyyələşdirilməsi, region ölkələrinin işlərinə qarışmaq və troll şəbəkələrinin genişləndirilməsi hökumətin əsas prioritetinə çevrilib.

Bu siyasət həm iqtisadiyyatı zəiflədir, həm də ölkə daxilində narazılığı artırır. Vətəndaşlar isə gündəlik həyatda daha ağır şərtlərlə üzləşməyə məcbur qalır.

 

Mövzu ilə bağlı "İnformator.az" saytı olaraq müsahibələrin fikirlərini öyrəndik.

 

Politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, repressiv idarəetmə, qadın hüquqlarının məhdudlaşdırılması, polis zorakılığı və sosial ədalətsizlik xalqın səbr kasasını daşıran əsas amillərdir:

 

“İran cəmiyyətində son illərdə artan sosial narazılığın kökündə həm daxili idarəetmə problemləri, həm də hökumətin xarici siyasət prioritetləri dayanır. Əhalinin gündəlik həyatında qarşılaşdığı çətinliklər – inflyasiyanın yüksəlməsi, işsizliyin artması, valyutanın sürətlə dəyər itirməsi və güzəranın ağırlaşması – İran siyasi sistemindəki struktur problemlərin nəticəsidir. Lakin xalqın narazılığını daha da dərinləşdirən digər faktor hökumətin büdcə və resursların böyük hissəsini ölkə xaricindəki proksi qruplaşmalara, regional müdaxilələrə və informasiya müharibəsinə yönəltməsidir.

İranın xarici siyasəti uzun illərdir ki, ölkənin iqtisadi imkanlarını aşan genişləndirici strategiya üzərində qurulub. Tehran Yaxın Şərqdə təsir dairəsini genişləndirmək üçün Hizbullah, HƏMAS, “Husilər” və İraq şiə milislərinin maliyyələşdirilməsinə milyardlarla dollar ayırır. Bununla yanaşı, troll şəbəkələrinin genişləndirilməsi, beynəlxalq mediaya təsir cəhdləri və ideoloji təbliğat xərcləri dövlət büdcəsinə əlavə yük yaradır. Xalqın gözündə bu siyasət həm mənasız, həm də zərərli görünür, çünki ölkə daxilindəki sosial problemlər hər gün daha da ağırlaşır.

İranda baş verən etirazların əsas səbəblərinə gəldikdə, onlar daha çox daxili sosial problemlərdən qaynaqlansa da, xarici siyasətə qarşı narazılıq həmin etirazların genişlənməsində mühüm rol oynayır. Məhsa Əmini etirazları bunu açıq şəkildə göstərdi: repressiv idarəetmə, qadın hüquqlarının məhdudlaşdırılması, polis zorakılığı və sosial ədalətsizlik xalqın səbr kasasını daşıran əsas amillərdir. Odur ki, “pul Livana, Suriyaya gedir, amma ölkə içində yoxsulluq artır” fikri həm iqtisadi, həm mənəvi narazılığı gücləndirir.

Molla rejiminin siyasətə təsiri isə daha fundamental problemlər yaradır. Teokratik idarəçilik modeli siyasi rəqabəti məhdudlaşdırır, idarəetmədə şəffaflıq və hesabatlılığı sıradan çıxarır, korrupsiyanın sistemli şəkildə dərinləşməsinə şərait yaradır. İnqilab Keşikçiləri Korpusu (SEPAH) iqtisadiyyatın böyük hissəsini monopoliyada saxladığı üçün bazar azadlığı və iqtisadi inkişaf imkanları ciddi şəkildə məhdudlaşır. Nəticədə, ölkədə həm siyasi legitimlik böhranı yaranır, həm də hakimiyyətlə cəmiyyət arasındakı uçurum daha da genişlənir.

Bütün bunlar göstərir ki, İranın problemlərinin mərkəzində ideoloji əsaslı teokratik sistem, qeyri-effektiv idarəçilik və resursların səhv yönləndirilməsi dayanır. Hökumətin xarici ambisiyaları ilə xalqın sosial ehtiyacları arasındakı ziddiyyət isə narazılığı daha da dərinləşdirərək uzunmüddətli siyasi gərginliyin əsas mənbəyinə çevrilir".

 

İqtisadçı Emin Qəribli “İnformator.az”a mövzu ilə bağlı fikirlərini bölüşüb. O bildirir ki, bu addımlar İran iqtisadiyyatına ciddi mənfi təsir göstərir:

 

“İran, bildiyimiz kimi, son dövrlərdə sabit bir vəziyyətdə deyil. Bu vəziyyətin əsas səbəbi, şübhəsiz ki, ABŞ-nin tətbiq etdiyi sanksiyalardır. Doğrudur, bir neçə il öncə bu sanksiyalarda müəyyən yumşalmalar olmuşdu, lakin son hadisələr göstərdi ki, sanksiyalar yenidən sərtləşib. Nəticədə, iqtisadi problemlər dərinləşib, sosial layihələr və infrastruktur sahələrinə maliyyə tapılmır. Buna baxmayaraq, İran hökuməti silahlı qrupları və təxribat xarakterli fəaliyyətləri maliyyələşdirməkdə davam edir.

Bu addımlar İran iqtisadiyyatına ciddi mənfi təsir göstərir. Təzyiqlər artdıqca, sanksiyaların təsiri də güclənir və nəticədə xalqın sosial vəziyyəti getdikcə pisləşir. Bu, bizi də narahat etməyə bilməz, çünki həm orada yaşayan həmvətənlərimiz var, həm də İran bizim qonşu ölkəmizdir. Oradakı problemlər birbaşa və ya dolayısı ilə bizə də təsir edə bilər.

Şəxsən mən bu rejimin dəyişəcəyinə inanmıram. Bəlkə bunu demək düzgün deyil, amma düşünürəm ki, ABŞ və İsrailin göstərdiyi xarici təzyiqlər bu bölgədə dəyişikliklərə səbəb ola bilər və bu da İran xalqının mövcud rejimdən qurtulmasına yol aça bilər".

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər