İranda hicab qanunu ətrafında yeni böhran
İranda hicab qanunu ətrafında gərginlik yenidən artıb. Tanınmış hüquqşünas və ictimai fəal Məhəmmədrza Bahonər ölkədə qadınların hicab məsələsi ilə bağlı qanuni məhdudiyyətlərin yumşaldılması çağırışı edib.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a bildirib ki, hicab qanunları İranda köklü dəyişikliklərə gətirib çıxardacaq islahatdır:
“İran rejiminin ilkin mərhələdə ən sərt tətbiq etdiyi qanun məhz hicabla bağlı idi. Hicab, qadınların ictimai həyatda görünüşünün və davranışlarının tənzimlənməsi baxımından fundamental bir norma kimi qəbul olunurdu. Hətta qadınların hicabla gəzməsi, Quran oxuması və həcc ziyarətinə getməsi kimi dini və sosial vəzifələrlə eyni səviyyədə qiymətləndirilirdi. Uzun illər boyunca hicab qaydasını pozan qadınlara qarşı sərt cəzalar tətbiq olunub, bu isə geniş ictimai etimadsızlıq və narazılıq yaradıb. Bahonərin çağırışı, əslində, İranda qadın hüquqları və ictimai azadlıqların genişləndirilməsi istiqamətində uzunmüddətli debatın bir hissəsidir. Qanunun yumşaldılması cəmiyyətdə həm müsbət, həm də mənfi reaksiyalara səbəb ola bilər. Bir tərəfdən, liberal və gənc nəsil bu addımı dəstəkləyərək, qadınların azadlıq hüquqlarının təmin olunmasını alqışlayacaq. Digər tərəfdən isə mühafizəkar dairələr dini və milli dəyərlərin pozulduğunu iddia edərək etiraz edə bilər. Uzunmüddətli perspektivdə, hicab qanunu ətrafında baş verən bu mübahisələr İranda cəmiyyətin demokratikləşməsi və insan hüquqlarının qorunması prosesinə təsir göstərəcək. Bu həm də hakimiyyətin gələcək islahatlara yanaşmasını müəyyən edəcək. Həmçinin, qadınların ictimai həyatda rolu, sosial fəallıq səviyyəsi və hüquqi statusu ilə bağlı yeni normativ dəyişikliklərin başlanğıcı ola bilər".
Fatimə Hüseynli
