00:00:00
Yazar
Admin User
26.07.2023 13:48 187 2 dəq oxuma
Yoxdur

İrandan daha şiddətli aksiya proqnozu

İrandan daha şiddətli aksiya proqnozu

İranda uzun müddətdir siyasi böhran və iqtisadi çətinliklər hökm sürür. Son olaraq, benzinin qiymətinin artacağı ilə bağlı iddialar isə ölkədə əhalinin vəziyyətini daha da ağırlaşdırıb. Molla rejimi isə ötən il 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan genişmiqyaslı etirazların təkrarlanmasından qorxur. Bu səbəbdən də özlərinəməxsus üsullarla xalqın diqqətini siyasi proseslərdən yayındırmaq istəyirlər. Bununla belə, siyasi şərhçilər İranda ümumxalq etirazlarının ildönümündə daha şiddətli aksiyaların yaşanacağını deyirlər.


İran dünyanın aparıcı neft və təbii qaz ixracatçısı olsa da, iqtisadi sanksiyalar ölkədə siyasi iğtişaşlar və yüksək inflyasiyaya səbəb olub. Bu vəziyyət İran valyutasına da təsir göstərib. Ötən günlərdə “Forbes” nəşri ABŞ dollarına nisbətdə dünyanın 10 ən zəif valyutasını açıqlayıb. İran rialı isə bu siyahıda ilk pillədə qərarlaşıb. Alıcılıq qabiliyyəti onsuz da aşağı olan ölkədə əhalinin vəziyyətinin daha da pisləşməsinə digər amillər də səbəb olub. Məsələn, son olaraq, ABŞ İranla nüvə razılaşması istiqamətində müzakirələrdən çəkildiyini bildirib.

 

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Vaşinqton İranın nüvə proqramı ətrafında vəziyyətin diplomatik yolla tənzimlənməsi ilə məşğul deyil və Tehranla razılaşmanı müzakirə etmir. Yəni hazırda iki dövlət arasında heç bir sövdələşmədən söhbət gedə bilməz. Bu açıqlama öz növbəsində Tehrana iqtisadi təzyiqləri artıra bilər ki, bu da ölkədə bahalaşmanı qaçılmaz edir. Üstəlik, son günlər benzinin qiymətinin artacağı ilə bağlı xəbərlər tirajlanır, sanki xalq buna hazırlaşdırılır. Siyasi şərhçi Babək Şahid deyir ki, sözsüz ki, yanacaq bahalaşsa, etirazlar da başlayacaq. Çünki bu sahədəki qiymət artımı digər məhsulların da kəskin bahalaşmasına səbəb olacaq. İrandakı ümumxalq etirazlarının ildönümünə təsadüf edən bu hallar isə yeni etiraz dalğasının başlaması ilə nəticələnə bilər.


Rejim də yeni etirazların başlaya biləcəyindən xəbərdardır. Bu səbəbdən, rəsmi Tehran insanların beynini hicab məsələsi ilə məşğul etmək istəyir. Əxlaq polisinin yenidən gündəmə gətirilməsi də bu məqsədə xidmət edir. Çünki molla rejimi bilir ki, hicab etirazlarını yatırmaq daha asandır. İqtisadi problemlərə görə etiraz başlayanda isə narazı kütlənin qarşısını almaq çətin olacaq.


Amma görünür, rejimin əxlaq polisinə bağladığı ümid özünü doğrultmayacaq. Çünki molla hökuməti artıq son nəfəsini verir və hakimiyyət daxilində də savaş çoxdan başlayıb. Odur ki, etirazlarının ildönümündə İranda daha genişmiqyaslı aksiyaların baş verəcəyi istisna edilmir.

 

Jalə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər