00:00:00
Yazar
Nərmin Həşimova
19.06.2026 21:38 81 3 dəq oxuma
Siyasət

İrandan Ermənistanla bağlı sərt açıqlama- ŞƏRH
 

İrandan Ermənistanla bağlı sərt açıqlama- ŞƏRH

Bu gün İran mediasında Ermənistanla bağlı sərt məzmunlu açıqlama yayılıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında  siyasi şərhçi Elmir Səftərov bildirib ki, uzun müddətdir ki, Ermənistan regionda İranın strateji tərəfdaşlarından biri olsa da, Tehranın da öz qırmızı xətləri mövcuddur:


“Bu qırmızı xətlərdən biri İrana dost olmayan ölkələrin hərbi və ya kəşfiyyat strukturlarının İran-Ermənistan sərhədi yaxınlığında və ümumilikdə Ermənistan ərazisində fəaliyyət göstərməsidir. Tehran hesab edir ki, belə fəaliyyətlər kəşfiyyat məlumatlarının toplanması və digər məqsədlər üçün istifadə oluna bilər və bu, İranın milli təhlükəsizlik maraqlarına uyğun deyil.  Buna baxmayaraq, son illərdə Ermənistanın Qərblə artan əməkdaşlığına İranın ciddi reaksiya verdiyi  müşahidə olunmur. Tehran əsasən müxtəlif bəyanatlarla kifayətlənir. Halbuki ABŞ, NATO ölkələri, Avropa İttifaqının müşahidə missiyası və digər Qərb strukturları Ermənistanda müxtəlif fəaliyyətlər həyata keçirir, hətta hərbi təlimlər də keçirilir. Bu baxımdan İran son illər ərzində sərt mövqe nümayiş etdirməkdən daha çox məsələləri diplomatik kanallar və qapalı danışıqlar vasitəsilə həll etməyə üstünlük verdiyini düşünürəm. İran və Ermənistan rəsmiləri tez-tez belə bir mesaj verməyə çalışırlar ki, Ermənistan ərazisindən İrana qarşı heç bir təhlükə formalaşa bilməz. Bununla belə, Ermənistanın Qərblə əməkdaşlığı Tehranda narahatlıqla izlənilir. İranın zaman-zaman səsləndirdiyi açıqlamalar da daha çox xəbərdarlıq xarakteri daşıyır. Əgər Ermənistan bu istiqamətdə fəaliyyətini davam etdirərsə, mövcud balansın qorunması çətinləşə bilər və müəyyən mərhələdən sonra tarazlıq zəifləyə bilər. Tarixə nəzər saldıqda görürük ki, İran hər zaman Ermənistanla birbaşa əlaqəsinin və xüsusilə Zəngəzur istiqamətində mövcud sərhədlərin toxunulmazlığının tərəfdarı olub".

 

Siyasi şərhçi əlavə edib ki, Tehran regionda sərhədlərin dəyişdirilməsinə qarşı çıxış edib:

 

"Lakin hazırkı mərhələdə İranın bu məsələlərlə bağlı ciddi və sərt addımlar atdığı müşahidə olunmur. ABŞ ilə əldə olunan razılaşmalar və regiondakı hərbi-siyasi vəziyyətin dəyişməsi fonunda Ermənistandakı Qərb missiyalarının və hərbi kontingentlərin
aktivləşməsi İranı öz təhlükəsizlik və strateji planlarını yenidən nəzərdən keçirməyə sövq edə bilər. Bununla yanaşı, söhbət müharibədən deyil, daha çox siyasi xəbərdarlıqlardan və diplomatik addımlardan gedir. İranın davranışları göstərir ki, Tehran Ermənistanla münasibətləri pozmaq niyyətində deyil. Çünki iki ölkə uzun illərdir  de-fakto strateji əməkdaşlıq münasibətlərinə malikdir. İran həm regiondakı maraqlarını, həm də Ermənistandakı mövqeyini qorumağa çalışır və gələcəkdə öz təhlükəsizliyinə yönələn mümkün təhdidlərin qarşısını almağı hədəfləyir. Buna görə də Tehran ehtiyatlı siyasət yürüdür və risk faktorlarını diqqətlə qiymətləndirir. Bundan əlavə, Ermənistan tarixən müxtəlif güc mərkəzlərinin- Rusiya, İran, ABŞ və Fransanın dəstəyini alıb. Bu, xüsusilə Azərbaycan torpaqlarının işğalı dövründə də müşahidə olunurdu. Həmin dövlətlər arasında müxtəlif geosiyasi ziddiyyətlər mövcud olsa da, Ermənistan məsələsində bir çox hallarda oxşar mövqelər nümayiş etdirilib və müxtəlif vasitələrlə İrəvana dəstək göstərilib. Bu səbəbdən İran da Ermənistanla əlaqələrini qoparmaq istəmir və münasibətlərdə ehtiyatlı davranmağa üstünlük verir”.


Nurgün Qənizadə

#İran #Ermənistan #müzakirə #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər