00:00:00
Yazar
Admin User
19.09.2025 17:50 163 2 dəq oxuma
Siyasət

İranın BMT TŞ-yə çağırışı və “snapback” riski

İranın BMT TŞ-yə çağırışı və “snapback” riski

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasını nüvə məsələsinin diplomatik yolla həllinə müdaxilə etməyə çağırıb. Nazir bildirib ki, Tehran böhranın qarşısını almaq üçün plan təqdim edib və AEBA ilə əməkdaşlığa gedib, lakin məsuliyyətin yalnız İranın üzərinə qoyula bilməyəcəyini vurğulayıb.

 

Mövzu ilə bağlı politoloq Elman Telmanoğlu "İnformator.az"a açıqlamasında bildirib ki, İranın BMT Təhlükəsizlik Şurasına müraciəti ilk növbədə diplomatik kanalların genişləndirilməsi və vasitəçilik təşəbbüslərinin gündəmə gəlməsi ilə nəticələnə bilər:

 

"TŞ çərçivəsində iclasların çağırılması və bəyanatların qəbul edilməsi, baş katibin xüsusi nümayəndəsinin təyin olunması, yeni qətnamə layihələrinin müzakirəsi kimi addımlar mümkün görünür. Lakin TŞ-də daimi üzvlərin maraq toqquşması səbəbilə real qərarların qəbul edilməsi ehtimalı məhduddur. Buna görə İranın çağırışı daha çox siyasi təzyiqləri yumşaltmaq və diplomatik gündəmi diri saxlamaq məqsədi daşıyır.

 

Avropa "üçlüyü" (Almaniya, Fransa, Böyük Britaniya) İranın uran zənginləşdirmə fəaliyyətini məhdudlaşdırmaq və AEBA ilə tam şəffaf əməkdaşlıq şərtlərini irəli sürür. Tehran isə bu tələbləri birtərəfli təzyiq kimi qiymətləndirir. Nəticədə isə İranın mövqeyi sərtləşərsə, regionda nüvə proqramına görə artan gərginlik Körfəz monarxiyalarını ABŞ və Avropaya daha sıx bağlaya bilər. Əksinə, İran kompromisə gedərsə, diplomatik aktivliyini gücləndirərək həm Rusiya və Çinlə əlaqələrini möhkəmləndirər, həm də Qərblə danışıqlar imkanlarını saxlaya bilər. Hər iki halda, İranın mövqeyi Yaxın Şərqdə güc balansının formalaşmasında mühüm faktor olaraq qalır".

 

Politoloq həmçinin qeyd edib ki, "Snapback" mexanizmi, yəni BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində bütün sanksiyaların avtomatik bərpası, İran üçün ciddi nəticələr doğura bilər:

 

"Beynəlxalq maliyyə və enerji bazarlarına çıxış kəskin məhdudlaşar, İranın xarici investisiyalar cəlb etmək imkanları tamamilə iflic ola bilər, Tehranın diplomatik manevr sahəsi daralar və Qərb blokundan təcrid dərinləşər.

Bununla belə, Çin və Rusiyanın iqtisadi və siyasi dəstəyi İranın tam izolyasiyasının qarşısını müəyyən qədər ala bilər. Yəni təcrid əsasən Qərb mərkəzli beynəlxalq sistemdə özünü göstərər, amma İran alternativ şərq bazarlarına yönələrək nisbi tarazlıq yaratmağa çalışar".

 

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər