İranın dərinliyinə doğru irəliləyirik- General
“Biz İranın dərinliyinə doğru irəliləməyə başlayırıq və İran ərazisinə daha dərin zərbələr endirəcəyik”.
Bunu ABŞ-nin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn deyib.
O qeyd edib ki, İranın ballistik raket atışlarında son sutkada 23%, kamikadze dronlarının hücumu isə ilk günlərlə müqayisədə 73% azalıb.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, İranın Azərbaycan və Türkiyəyə də olan hücumları yolverilməzdir:
“Təəssüf ki, Den Keynin dediyi ümumi mənzərədə doğru olsa da, Azərbaycana münasibətdə özünü doğrultmayıb. Əksinə, savaşın altıncı günü artıq İran Azərbaycana da dronlar atır. Türkiyəyə də raket atıb. Əlbəttə, bu çox təəssüf doğurur. Çünki nə Türkiyə, nə Azərbaycan İrana qarşı bu hücumları dəstəkləməyib, əksinə pisləyib və hər fürsətdə, ağrılı-acılı günlərdə İranın yanında olduqlarını bildiriblər. Buna rəğmən İran körfəz ölkəsində müsəlman dövlətlərini vurduqdan sonra indi digər müsəlman dövlətlərə, qonşulara da üzünü çevirib. Əlbəttə, bu yolverilməzdir, doğru deyil. Biz hər hansı bir təcavüzə, haqsızlığa qarşıyıq. Elə bu gün İrana qarşı olan hücumlara da qarşıyıq, amma eyni zamanda Azərbaycana qarşı olan hücumları da pisləyirik”.
Ekspert qeyd edib ki, atışların azalması İranın silah ehtiyatının azalması demək deyil:
“O ki qaldı, İranın hücumlarının azalmasına, mümkündür ki, İranın sadəcə olaraq atdığı yerlərdə hansısa problemlər var. Bildiyim qədərilə, onların dron və raket ehtiyatı çoxdur. Sadəcə olaraq adətən Amerika rəhbərliyi qeyd edir ki, onlar bu dronları və raketləri yeraltı sığınacaqlarda saxlayırlar. Onlar da çalışır ki, həmin sığınacaqların girişlərini, çıxışlarını vursunlar ki, o silahlardan istifadə edə bilməsinlər. Ola bilər ki, texniki maneələr yaranıb, ona görə İran bu silahlardan istifadə edə bilmir, çıxara bilmirlər. Yaxud da mümkündür ki, İsrailin və Amerikanın təyyarələri çox ciddi şəkildə, sıx şəkildə İran səmasına nəzarət edir. Başlarını çıxartmırlar ki, dərhal vurulacaqlar, yerləri bilinəcək. Yəni ola bilsin ki, müvəqqəti bu atışları azaldıblar. Amma mən düşünürəm ki, İranın həm dron ehtiyatı, həm də raket ehtiyatı olduqca çoxdur. Yəni atışların intensivliyinin azalması hələ o silahların azalması anlamına gəlmir. Görünür, indi öz silahlarından ya istifadə edə bilmirlər, ya da hansısa mülahizələrlə bir az istifadəni azaldıblar. Bir məqam da var, o da bu raketlərdə, xüsusilə dronların da atışında istifadə olunan qurğularla bağlıdır. Bu qurğuların vurulması, azalması ola bilir. Amerikalılar və İsrail aviasiyası çalışır bu qurğuları daha çox sıradan çıxartsın ki, onlar bundan istifadə edə bilməsinlər. Mümkündür ki, onların texniki imkanları məhdudlaşıb. Amma yenə bu qənaətdəyəm ki, hələlik onların sursat ehtiyatı çoxdur. Sadəcə ya hansısa mülahizələrdən bu atışları azaldıblar, ya da hələlik onlardan geniş istifadə edə bilmirlər. Hər halda ümid edək ki, savaş dayanacaq. Ümid edək ki, İran savaşı bütün regiona yaymağa çalışmayacaq. Xüsusilə, Türkiyəni və Azərbaycanı hədəf seçməyəcək. Hər halda bu gün Naxçıvana, dünən Türkiyəyə İran tərəfindən həyata keçirilən hücumlar pis nümunələrdir. Mən onu şiddətlə qınayıram və hesab edirəm ki, İran bu qanunsuzluqları, özbaşınalıqları dayandırmalıdır. Beynəlxalq hüququn pozulmasına yol verməməlidir. Yəni ona qarşı hücumlar ediləndə özünü nə qədər əzabkeş bilirsə, başqalarına da hücum etməyin bir o qədər zərərli olduğunun fərqində olmalıdır”.
Lalə Qurbanlı
