İranın dron hücumuna beynəlxalq reaksiya: BMMT-dən qəti bəyanat
Cenevrədə yerləşən Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Azərbaycana qarşı hücumlarla bağlı bəyanat yayaraq ölkəmizlə tam həmrəy olduğunu bildirib. Bəyanatda mülki əhalinin və infrastrukturun qorunmasının mütləq prioritet olduğu, heç bir mülki şəxsin zorakılıq qurbanı olmamalı olduğu vurğulanıb. Azərbaycanın mülki müdafiə sahəsindəki regional töhfələrini yüksək qiymətləndirən təşkilat, üzv dövlətlərdə təhlükəsizlik sistemlərinin gücləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib.
Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan “İnformator.az”a açıqlamasında bildirib ki, beynəlxalq ictimaiyyətin proseslərə ədalətli yanaşmasının göstəricisidir:
“İranın Naxçıvana dron hücumunun ardından istər beynəlxalq təşkilatlar, istərsə də ayrı-ayrı ölkələrin ölkəmizə dəstəyini nümayiş etdirməsi çox önəmli idi. Bu beynəlxalq ictimaiyyətin proseslərə ədalətli yanaşmasının göstəricisidir. Bu dəstək eyni zamanda Azərbaycan diplomatiyasının uğuru kimi də qiymətləndirilməlidir. Azərbaycan baş verən hadisə ilə bağlı artıq qətiyyətli mövqeyini ortaya qoyub. İran terror hücumuna görə üzr istəməlidir, hadisənin səbəbkarları araşdırılıb tapılmalı və cəzalandırılmalıdır. Bu prosesdə beyənlxalq təşkilatların dəstəyi də rəsmi Bakıda məmnunluqla qarşılanır”.
Aydan Əsgərxanlı