İranın hücumundan sonra gərginlik: Azərbaycan müharibəyə qoşula bilərmi ?
Dünən İranın dron vasitəsi ilə NMR (Naxçıvan Muxtar Respublikası)na hava hücumu həyata keçirməsi Azərbaycanın, o cümlədən bir çox xarici dövlətlərin qəzəbinə səbəb olub. Təbii ki, hadisədən sonra Prezident İlham Əliyevin "Təhlükəsizlik Şurası"nı çağırması, oradakı qəti tələbləri - İranın izahat verməli olması, üzr istəməsi haqqlı olaraq qəbul edilməlidir. Aydındır ki, İranın bu hücumundan sonra Azərbaycan Silahlı Qüvvələri hazır vəziyyətə gətirilərək Azərbaycan-İran sərhədinə yeridildi. Bu da Azərbaycanın müharibəyə qoşulması istiqamətində müxtəlif fikir ayrılıqlarına yol açdı.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov mövcud geosiyasi vəziyyət fonunda Azərbaycanın bu müharibəyə birbaşa qoşulması ehtimalının olduqca aşağı qiymətləndirildiyini bildirib:
Onun sözlərinə görə, hadisələrə məntiqi yanaşdıqda isə bəzi risklərin mövcudluğu da istisna edilmir:
"Belə ehtimallardan biri İranın Azərbaycana zərbə endirməsi məsələsidir. Bununla yanaşı, müasir texnologiyaların inkişafı raketlərin istiqamətinin dəyişdirilməsi kimi ssenariləri də mümkün edir. Nəzəri baxımdan üçüncü tərəflərin - məsələn, ABŞ və ya İsrail-İranın atdığı raketin istiqamətini dəyişdirərək onu başqa istiqamətə yönəltməsi ehtimalı da müzakirə olunan versiyalar sırasındadır. Belə bir ssenari İranın Azərbaycan və Türkiyə ilə münasibətlərini gərginləşdirmək məqsədi daşıya bilər. Digər ehtimallardan biri isə İranın özünün belə bir addımın atmasıdır, çünki hazırkı vəziyyətdə İranın ciddi təzyiqlərlə üzləşdiyi və çətin geosiyasi vəziyyətə düşdüyü qeyd olunur. Belə şəraitdə emosional və qeyri-rasional qərarların verilməsi ehtimalı da istisna edilmir. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın ifadə etdiyi kimi, bəzən böhran vəziyyətində olan tərəf “əgər mən batıramsa, hamı batsın” məntiqi ilə hərəkət edə bilər",-deyə K.Novruzov qeyd edib.
Azərbaycanın indiyədək İranla münasibətlərdə ehtiyatlı və balanslı mövqe nümayiş etdirdiyini bildirən müsahibimiz İranın Cənab Prezidentin tələblərinə cavab verməsini mütləq sayır:
"Azərbaycan indiyədək İranla münasibətlərdə ehtiyatlı və balanslı mövqe nümayiş etdirib. Rəsmi Bakı öz hava məkanından İran ərazisinə qarşı hücumların həyata keçirilməsinə icazə verməyib, eyni zamanda İranın ali dini liderinin ölümü ilə bağlı başsağlığı verərək qonşuluq münasibətlərinə sadiqliyini göstərib. Belə bir fon nəzərə alındıqda, əgər Azərbaycan məqsədli şəkildə hədəfə alınıbsa, bu addım ciddi narazılıq doğura bilər və İranın bununla bağlı aydın və qənaətbəxş izahat verməsi zəruridir".
Müsahibimiz bu hadisə fonunda bəzi mümkün versiyalardan da söz açıb:
"Bəzi versiyalara görə, başqa geosiyasi oyunçuların da regiondakı proseslərə təsir göstərmək cəhdləri mümkündür. Hətta Azərbaycanın İranla qarşıdurmaya cəlb edilməsi üçün müxtəlif siyasi vədlərin verilməsi ilə bağlı ehtimallar da irəli sürülür. Lakin hazırkı həssas mərhələdə bu versiyalardan hər hansı birini qəti mövqe kimi təqdim etmək doğru hesab edilmir. Məsələ həm də informasiya təhlükəsizliyi və informasiya siyasəti kontekstində qiymətləndirilməli olan həssas bir mövzudur. Bu səbəbdən tələsik nəticələr çıxarmaqdansa, hadisələrin aydınlaşmasını gözləmək daha məqsədəuyğun sayılır. Bununla belə, baş verən hadisə ilə bağlı İranın yaxın vaxtlarda Azərbaycana rəsmi və qənaətbəxş izahat verməsi vacib hesab olunur. Terror ehtimalı da daxil olmaqla müxtəlif versiyalar mümkün sayılsa da, hazırda onların hər hansı birini qəti həqiqət kimi təqdim etmək düzgün yanaşma sayılmır",-deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltan