İranın lideri Müctəba Hamaneydən açıqlama: “Hörmüz boğazının bağlanması davam etməlidir”
İranda yeni lider Müctəba Hüseyni Hamaney ilk açıqlamasını verib. O bildirib ki, ölkəni parçalamağa yönəlmiş cəhdlərin qarşısı alınıb və Hörmüz boğazının bağlı qalması davam etməlidir.
İranın ali lideri Əli Xamenei nin ABŞ və İsrailin hücumu nəticəsində həyatını itirməsindən sonra İranın Ekspertlər Məclisinin seçdiyi oğlu Müctəba Hüseyni Hamaney rəhbərlik vəzifəsinə gəldikdən sonra ilk mesajını yayımlayıb.
Hamaneyin mesajını dövlət televiziyasında aparıcı oxuyub, lakin yeni liderin görüntüsü və səsi yayımlanmayıb.
Mesajında İranın haqsız şəkildə hücuma məruz qaldığını bildirən Hamaney deyib:
“Düşmənin yolunu qəti zərbələrlə bağlayan və onları sevimli vətənimizi ələ keçirmək və bəlkə də parçalamaq xülyasından ayıldan cəsur döyüşçülərimizə səmimi təşəkkürümü bildirirəm".
O, İran Silahlı Qüvvələrinə müraciət edərək xalqın “təsirli və düşməni peşman edən müdafiənin” davam etdirilməsini istədiyini vurğulayıb.
Hamaney əlavə edib ki, Hörmüz boğazının bağlanması mühüm strateji koz olaraq qalmalıdır. O bildirib ki, düşmənin az təcrübəyə malik olduğu və zəif müdafiə olunduğu digər cəbhələrin açılması ilə bağlı da planlar hazırlanıb və müharibə davam edərsə, bu cəbhələr aktivləşdirilə bilər.
Yeni lider cəmiyyətdə birliyin qorunmasının vacibliyini də qeyd edib:
“Bu kürsüdə oturmaq çox ağır məsuliyyətdir. Millət öz birliyini qorumalıdır".
Hamaney region ölkələrində yerləşən ABŞ hərbi bazalarına edilən hücumlara da toxunaraq bildirib ki, İranın 15 ölkə ilə qonşuluğu var, lakin bəzi ölkələrdə düşmənə məxsus hərbi bazalar yerləşir. Onun sözlərinə görə, son hücumlarda həmin bazalardan istifadə edilib və buna görə İran həmin obyektləri hədəfə alıb.
O qeyd edib ki, əgər bu bazalardan hücumlar davam edərsə, İran da eyni şəkildə cavab verməyi davam etdirəcək.
Hamaney həmçinin həmin ölkələrə ABŞ hərbi bazalarını bağlamağa çağıraraq bildirib ki, ABŞ-nin təhlükəsizlik və sülh yaratmaq iddiası əslində həqiqəti əks etdirmir.
Yeni lider müharibə ilə bağlı təzminat məsələsinə də toxunaraq deyib:
“Şəhidlərimizin qanının qisasını almaqdan vaz keçməyəcəyik. Düşməndən təzminat tələb edəcəyik. Əgər bu tələb rədd olunarsa, müəyyən etdiyimiz məbləğdə onların əmlakına əl qoyacaq, bu mümkün olmazsa, eyni miqdarda əmlaklarını məhv edəcəyik".
Hamaney mesajında bildirib ki, İranın Ekspertlər Məclisinin onu yeni lider seçməsi barədə qərarı o da xalq kimi televiziyadan öyrənib.
TRT HABER
Reyhan Quliyeva