“İranın nüvə proqramı nəinki regionda ümumiyyətlə, dünyada gərginliyi artıran faktlardandır”
Almaniya, Fransa və Böyük Britaniyanın 2015-ci il sazişində nəzərdə tutulan “tətik mexanizmi”ni işə salmasından sonra BMT Təhlükəsizlik Şurası bu gün İrana qarşı nüvə proqramına görə sanksiyaların bərpası üçün səsverməyə hazırlaşır.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İranın nüvə proqramı nəinki regionda ümumiyyətlə, dünyada gərginliyi artıran faktlardandır:
“Bir qədər əvvəl Böyük Britaniya və Fransa Fələstin dövlətinin tanınması üçün hazırlıqlara başladıqlarını bəyan ediblər. Bu da İsrailin qəzəbinə səbəb olub və İran kimi təhlükə ilə üz-üzə olduğu halda belə bir qərarın doğru olmadığı qənaətinə gəlib. Bu balansı qorumaq və neytrallıq üçün hazırda da Almaniya, Fransa və Böyük Britaniya İranın nüvə proqramı ilə bağlı hərəkətə keçiblər. BMT-nin Təhlükəsizlik Şurasının toplantısında sanksiyaların bərpası təmin olunacaq. Ondan sonrakı mərhələdə isə Fələstin dövlətinin tanınması gündəmə gələcək. Əgər İsrail hazırki mövqeyindən geri çəkilməsə Fələstinin tanınması reallaşa bilər. Əslində Avropa İttifaqı təhlükəsizlik məsələlərində birbaşa ABŞ-dən asılı deyil. Ancaq müxtəlif məsələlərdə ABŞ-nin daxil olmalı olduğu nüanslar var. Ukrayna - Rusiya məsələsində mövqelərin fərqliliyi ayrı - ayrılıqda həm ABŞ-nin özü həm də Avropa dövlətləri üçün təhlükə yaradır. İranın nüvə proqramı ətrafında yaranmış gərginlik regionda güc balansını İranın xeyrinə dəyişə bilməz. Hazırda regionda iki güc, Türkiyə və İsrailin mübarizəsi gedir. Avropa İttifaqı Fələstin dövlətinin tanınması ilə bağlı real nəticələr ortaya qoysa balans Türkiyə xeyrinə dəyişəcək. Balansın bu cür dəyişməsi isə sabitliyin təmin olunmasına vəsilə ola bilər. Ancaq İranla bağlı ciddi sanksiyaların reallaşması qaçılmazdır”.
Aysel Mirzəyeva