00:00:00
Yazar
Hüseynova Mələk
26.10.2026 20:35 37 2 dəq oxuma
Dünya

İranın sərt mövqeyi diplomatik imkanlarını məhdudlaşdıra bilər - Politoloq

İranın sərt mövqeyi diplomatik imkanlarını məhdudlaşdıra bilər - Politoloq

İranın ABŞ-ni danışıqlara ciddi yanaşmamaqda ittiham etməsi iki ölkə arasında diplomatik etimadın zəiflədiyini göstərir. 

 

Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ni danışıqlardan qarşılıqlı razılaşma əldə etmək üçün deyil, öz şərtlərini İrana qəbul etdirmək məqsədilə istifadə etməkdə günahlandırıb:

 

“Tehran nüvə proqramının dinc məqsədlər daşıdığını bəyan etsə də, beynəlxalq nəzarət və şəffaflıq məsələləri ətrafında fikir ayrılıqları qalmaqdadır. ABŞ İranın nüvə potensialını məhdudlaşdırmağa çalışır, Tehran isə bunu suveren hüquqlarına müdaxilə kimi qiymətləndirir. Danışıqlarda sərt mövqenin davam etdirilməsi İranın diplomatik imkanlarını daralda bilər. Hərbi qarşıdurma təhlükəsi, iqtisadi sanksiyalar və Hörmüz boğazında təhlükəsizlik problemləri fonunda danışıqların nəticəsiz qalması ölkə üçün ciddi risklər yarada bilər. İran Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasında qarşıdurmanın siyasi dialoq yolu ilə həllini dəstəklədiyini bildirsə də, husilərlə uzunmüddətli siyasi və hərbi əlaqələri Tehranın münaqişədəki roluna dair suallar yaradır”.

 

Politoloqun sözlərinə görə, İranın Avropa ölkələri ilə münasibətlərində də ciddi fikir ayrılıqları mövcuddur:

 

“Tehran Böyük Britaniya, Fransa və Almaniyanı ABŞ-nin sanksiya siyasətinə qoşulmaqda, 2015-ci il nüvə sazişinin bərpasına konstruktiv yanaşmamaqda və İrana qarşı hərbi əməliyyatları qınamamaqda ittiham edir. Avropa dövlətləri isə İranın nüvə fəaliyyətinin şəffaflığına və beynəlxalq öhdəliklərinə əməl etməsinə diqqət çəkirlər. İran beynəlxalq nəzarət mexanizmlərinin bərpasına və qonşu dövlətlərlə etimadın möhkəmləndirilməsinə üstünlük verməlidir. Əks halda, diplomatik təcridin dərinləşməsi və hərbi eskalasiya riski ölkənin iqtisadi vəziyyətini daha da ağırlaşdıra bilər”.

 

Fatimə Hüseynova

 

#İran #ABŞ #mövqe
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər