00:00:00
Yazar
Admin User
08.12.2025 17:22 95 2 dəq oxuma
Siyasət

İranın xarici işlər naziri Azərbaycana gəlib

İranın xarici işlər naziri Azərbaycana gəlib

 

Dekabrın 7-də İranın İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Azərbaycana səfər edib.

Mövzu ilə bağlı olaraq siyasi şərhçi Həşim Səhrablı “İnformator.az” a açıqlamasında bildirib ki, İran Azərbaycan ilə ortaq nöqtələr tapa bilər:


“İran-Azərbaycan siyasi dialoqunun intensivləşməsi, həm də regionda artan qlobal qarşıdurmalar fonunda baş verir. Bu qarşıdurmalar yeni risklər yaradır və ölkələr sərhədyanı əməkdaşlıqları genişləndirməklə bu riskləri azaltmağa çalışır. İran da, nəhayət, bunu anlayıb.
Tərəfsizlik və əməkdaşlıq mövzusunda isə İran və Azərbaycan ortaq nöqtələr tapa bilər. Əgər münasibətlər müsbət məcrada davam etsə, bu, regional sabitlik və təhlükəsizlik üçün mühüm etimad mühiti yarada bilər. Həm də bu iki dövlət üçün rəqib yox, tərəfdaş obrazını gücləndirər.
Azərbaycan enerji resurslarını Avropaya ixrac edən ölkədir. İran bu təcrübədən istifadə edərək öz resurslarını da eyni istiqamətə çıxara bilər. Bu əməkdaşlıq hər iki tərəfə fayda verə bilər.
Siyasi münasibətlərin daha da inkişafı isə birbaşa İranın atacağı real addımlardan asılıdır. Əgər Tehran söz verdiyi kimi münasibətləri düzəltmək istəyirsə, bunu konkret davranış və qərarlarla göstərməlidir. İran Azərbaycanın Avropa ilə əlaqələrinə qısqanclıqla deyil, tərəfdaş gözü ilə baxmalıdır. Əgər bu baş verərsə, enerji, təhlükəsizlik və digər sahələrdə ortaq addımlar atıla bilər. Əraqçinin Azərbaycan səfəri İranın təlatümlü dövrdən keçdiyi bir vaxta təsadüf edir. Hazırda İran həm Qərblə siyasi və iqtisadi əlaqələrinin kəsilməsi, həm də sanksiyaların ciddi təsiri ilə üzləşib. Bu da onun iqtisadiyyatında böyük çətinliklər yaradıb. Belə bir vəziyyətdə İran, heç olmasa, region daxilində, xüsusilə də şərqə doğru iqtisadi əlaqələrini genişləndirməklə bu problemləri aşmağa çalışır.
Digər tərəfdən, İran ciddi təhlükəsizlik riskləri ilə də üz-üzədir. 12 günlük müharibədən sonra Qərb dairələrində və mediada İran-İsrail və ya ABŞ-İran qarşıdurmasının yenidən gündəmə gələcəyi ehtimalları müzakirə olunurdu. Bu kontekstdə İran region ölkələri ilə münasibətləri yaxşılaşdırmaq zərurətini anlayıb. İran da görür ki, Azərbaycan Çin, ABŞ, Rusiya və Türkiyə ilə balanslı və iqtisadi-ticari əsaslı münasibətlər qura bilir. Bu baxımdan, İran üçün belə bir qonşunu itirmək ağıllı seçim olmazdı.
Azərbaycan isə hər zaman qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq əsasında əlaqələrə hazır olduğunu bildirib. Lakin İran daxilindəki anti-Azərbaycan dairələr bu münasibətlərin qurulmasına mane olurdu. İndi isə görünür, Tehran bu səhvləri düzəltmək istəyir. Əraqçının səfəri zamanı verdiyi açıqlamalardan da aydın olur ki, onlar bu münasibətləri yenidən qurmaq niyyətindədirlər”.


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər