00:00:00
Yazar
Admin User
10.12.2025 18:46 231 3 dəq oxuma
Siyasət

İrəvan Bakıdan bunu almaq istəyir

İrəvan Bakıdan bunu almaq istəyir

İrəvanın Azərbaycandan neft məhsulları almaq istəyi Rusiyada narahatlıq yaradıb. Bu barədə erməni mediasına rusiyalı enerji eksperti Boris Martsinkeviç deyib. Rusiyalı enerji eksperti Boris Martsinkeviç bildirib ki, Ermənistan bu idxalın iqtisadi səmərəliliyini diqqətlə hesablamalı, qiymət və şərtləri dərindən araşdırmalıdır. O, həmçinin Ermənistanın Azərbaycandan asılı olmamaq üçün tədarükü diversifikasiya etməli olduğunu vurğulayıb. Ekspert qeyd edib ki, Azərbaycanın neft emalı zavodu tam gücü ilə işləmir və istehsalı artırmaq üçün ağır neft təchizatı məsələsində Rusiya ilə razılığa ehtiyac ola bilər.

 

Mövzu ilə bağlı politoloq Hikmət Babaoğlu “İnformator.az”a açıqlama edib:

 

“Hazırda, 8 avqust 2025-ci ildə ABŞ-də Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişi layihəsinin real siyasi münasibətlərdə həyata keçməsi istiqamətində atılan addımlar artıq müşahidə olunur. Təşəbbüs, hər zaman olduğu kimi, yenə Azərbaycandan gəlib və Ermənistan üçün Qazaxıstan buğdasının Azərbaycandan tranzitlə daşınması bunun ilk nümunəsi sayılır. Bu kommunikasiyanın açılması regional inteqrasiyanın dirçəldilməsi istiqamətində atılan ilk addım idi. İndi isə növbəti addım planlaşdırılır – Azərbaycanın Ermənistanı neft məhsulları ilə təmin etməsi və bu idxalın Gürcüstan üzərindən həyata keçirilməsi. Şübhəsiz ki, bu qərar iki ölkə arasındakı münasibətləri irəli aparacaq və inteqrasiya üçün yeni imkanlar yaradacaq.

 

Lakin bu proseslər təkcə Bakı və İrəvan üçün yox, Cənubi Qafqaz regionuna imperialist maraqlarla baxan mərkəzlər üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan–Ermənistan iqtisadi əlaqələrinin dərinləşməsi Ermənistanın iqtisadi asılılıqdan – xüsusilə Rusiya və İran istismarından – çıxması perspektivini yaradır. Bu isə Ermənistanın daha müstəqil siyasət yürütməsi deməkdir. Məhz bu ehtimal Rusiyadakı və İrandakı müəyyən mərkəzləri narahat edir. Azərbaycan–Ermənistan iqtisadi yaxınlaşması həm də Rusiyanın Ermənistandakı təsir mexanizmlərini məhdudlaşdırırÜmumilikdə isə hər bir dövlət müstəqil siyasi qərarlar vermək üçün əvvəlcə iqtisadi asılılıqdan xilas olmalıdır. Bu baxımdan, neft məhsullarının Azərbaycanın təminatı ilə Ermənistana çatdırılması həm keyfiyyət, həm qiymət, həm də zaman baxımından daha sərfəli iqtisadi əməkdaşlıq modelidir. Bu isə hər iki ölkənin maraqlarına uyğundur. Azərbaycan regionun aparıcı iqtisadi gücü olaraq siyasi münasibətlərin formalaşmasında mühüm rol oynayır. İqtisadi əlaqələrin genişlənməsi etimadı artırır və siyasi sabitlik üçün baza yaradır. Əgər enerji sahəsində də əməkdaşlıq genişlənərsə, bu, regional balansı ciddi şəkildə dəyişəcək, Ermənistanın xarici aktorlardan asılılığını azaldacaq və Cənubi Qafqazın vahid siyasi məkan kimi formalaşması üçün mühüm addım olacaq. Lakin regionun iqtisadi müstəqilliyi imperiya maraqları baxımından qəbulolunmazdır, çünki iqtisadi müstəqillik siyasi müstəqilliyi də müəyyənləşdirir”. 

 

Politoloq qeyd edib ki, hazırda Ermənistan enerji baxımından tam şəkildə “Qazprom” və İran üzərindən asılı vəziyyətdədir:

 

“Enerji təmin edən üçüncü mənbə demək olar ki, yoxdur. Buna görə də Ermənistan enerji tələbatını şaxələndirmək və müxtəlif mənbələrdən təmin etmək niyyətindədir. Bu, həm iqtisadi manevr imkanlarını artıracaq, həm də ölkəni tək bir güc mərkəzinin asılılığına salmayacaq. İqtisadi palitranın rəngarəng olması daha geniş rəqabət yaradır və Ermənistanın daha sərfəli enerji şərtləri əldə etməsinə imkan verir. Bu isə müxtəlif sahələrdə yeni iqtisadi əməkdaşlıq formatlarının yaranmasına səbəb olacaq və regionun vahid iqtisadi məkan kimi formalaşmasına addım atacaq. Nəticədə Cənubi Qafqaz coğrafi baxımdan kiçik olsa da, Azərbaycanın zəngin enerji resursları və iqtisadi potensialı region ölkələri arasında enerji mübadiləsində həm mənbə, həm də tranzit kimi mühüm rol oynamağa imkan verir”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər