İrəvan və Bakı arasında yeni imkanlar açılır
Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcək.Bu məsələ Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryanın Bundestaqın Xarici İşlər Komitəsinin sədri Armin Laşetlə görüşündə müzakirə olunub.
Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, sülhün həm Azərbaycan həm Ermənistan iqtisadiyyatına böyük müsbət təsiri qaçılmazdır:
"Ermənistan və Azərbaycan arasında Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra artıq Avropa dövlətləri də sülhün real olduğunu tərəddüdsüz qəbul edirlər. Sözü gedən sülh sazişi nəticəsində bir çox ticarət əlaqələri inkişaf edəcək, Avropanın özü də bundan yararlanacaq. Eyni zamanda Ermənistan və Azərbaycan arasında iqtisadi, ticari əlaqələr qurulacaq. Habelə Türkiyənin bu məsələdə boyük rolu gözlənilir. Münaqişə dövründə kəsilmiş münasibətlərin yenidən bərpası regionda böyük dəyişikliklər və inkişafı müjdələyir. Sülhün həm Azərbaycan həm Ermənistan iqtisadiyyatına böyük müsbət təsiri qaçılmazdır. Cənubi Qafqazda balans Türkiyə və Azərbaycanın xeyrinə dəyişməkdədir. Rusiyanın Ukraynaya təcavüzü və Ermənistana qarşı hakimiyyətin dəyişməsinə cəhdləri, habelə Azərbaycana qarşı aqressiyası onun özünü Qafqazda arzuedilməz qonağa çevirib. Bununla yanaşı ABŞ-nin sülh sazişindəki müsbət rolu İran və Rusiyanın prosesə mənfi müdaxiləsini bloklayır və Türkiyə burada öz nüfuzunu artırır. Ancaq Rusiya və İran da artıq reallıqla barışır və Zəngəzur dəhlizinin açılması ilə iqtisadi, ticari əlaqələri qorumağa çalışırlar. Təziqlərin, təhdidlərin fayda vermədiyini anlayan ölkələr sonda heç olmasa real vəziyyətdən istifadə edərək bəhrələnməyə üstünlük verirlər. Ermənistanın da sülhə doğru addımları, Azərbaycanın əzmli, qətiyyətli siyasi addımları Almaniya kimi Avropa dövlətlərinin də maraqlarını cəlb edir. İki qonşu dövlətin uzun illər arasında kəsilmiş ticarət və digər iqtisadi əlaqələrin yenidən qurulması bu ölkələrin inkişafı ilə yanaşı bölgə ölkələrinin də faydalanacağı reallıqdır. Habelə bu sahələrin inkişafı və genişlənməsi Avropa dövlətlərinin də diqqət mərkəzindədir. Sülh sazişinin paraflanması ilə paralel lazımi işlərin görülməsi münasibətlərin sağlam formada qurulmasınını şərtləndirir. Azərbaycan iqtisadiyyatının inkişafına sülhün böyük təsiri olacağı şübhəsizdir".
Xədicə Məhərrəmli