İşçilər bayram günlərində işə çağırıla bilərmi? - HÜQUQŞÜNAS AÇIQLAYIR
Bayram günləri hər bir işçinin qanunla qorunan istirahət vaxtı olsa da, bəzən işin xüsusiyyəti və ya gözlənilməz vəziyyətlər bu günlərdə işləməyi zəruri edir.
Mövzu ilə bağlı vəkil Asim Abbasov “İnformator.az”a bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105.3-cü maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilir:
“Belə müstəsna hallar isə Əmək Məcəlləsinin 107-ci maddəsində konkret olaraq müəyyən edilib. Həmin maddəyə görə, dövlətin müdafiəsinin təmin olunması, təbii fəlakətlərin və istehsal qəzalarının qarşısının alınması və ya onların nəticələrinin aradan qaldırılması, habelə su, qaz, elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal xidmətlərdə baş verən gözlənilməz hadisələrin nəticələrinin aradan qaldırılması üçün zəruri işlərin görülməsi hallarında, eləcə də fasiləsiz istehsalat, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət sahələrində işçilərin bayram günlərində işə cəlb olunmasına icazə verilir. Qeyd olunan hallar istisna olmaqla, işçilərin bayram günlərində işə cəlb edilməsi yolverilməzdir”.
Vəkilin sözlərinə görə, bununla yanaşı, Əmək Məcəlləsinin 109-cu maddəsinə əsasən, məhz 107-ci maddə ilə nəzərdə tutulmuş hallarda bayram günlərində işə cəlb edilən işçilərin əməyinin ödənilməsi 164-cü maddəyə uyğun həyata keçirilməlidir:
“Belə ki, Əmək Məcəlləsinin 164-cü maddəsinə görə, bu günlərdə görülən işə görə əməkhaqqı ən azı ikiqat məbləğdə ödənilməli, vaxtamuzd sistemində gündəlik (saatlıq) tarif maaşının iki mislindən, işəmuzd sistemində isə ikiqat işəmuzd qiymətlərindən aşağı olmamalıdır. Aylıq maaş alan işçilər üçün isə ödəniş iş vaxtı normasından asılı olaraq əlavə gündəlik (saatlıq) maaş və ya onun ikiqat məbləği həcmində müəyyən edilir. Eyni zamanda, işçinin arzusu ilə bu günlərdə görülən işə görə əlavə ödəniş əvəzinə ona başqa istirahət gününün verilməsi də mümkündür”.
Mələk Hüseynova
